Abşeronda Xocalı soyqırımına həsr olunan tədbir keçirilib...

..rəsm sərgisi açılıb

Abşeron Rayon İcra Hakimiyyəti və Abşeron-Xızı Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə Xocalı soyqırımının 33-cü ildönümünə həsr olunan tədbir keçirilib.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, əvvəlcə Ulu Öndər Heydər Əliyevin, şəhidlərin və Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni oxunub.

Tədbirdə Xocalı soyqırımına həsr olunmuş “Danışır Xocalı” sənədli filmi nümayiş olunub.

Sonra Abşeron Rayon İcra Hakimiyyəti başçısının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gülnar Rəhimova Xocalı soyqırımına ilk siyasi-hüquqi qiymətin Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə Milli Məclisi tərəfindən verildiyini və 26 fevral tarixinin Xocalı Soyqırımı Günü elan olunduğunu vurğulayıb. Qeyd edib ki, Xocalı soyqırımının dünyada tanınması istiqamətində Heydər Əliyev Fondunun təşəbbüsü ilə 2008-ci ildən etibarən “Xocalıya ədalət!” kampaniyası həyata keçirilir. Bunun nəticəsində Xocalı qətliamı 18 dövlətin qanunvericilik orqanı, ABŞ-ın 24 ştatı, o cümlədən bir sıra beynəlxalq təşkilatlar tərəfindən soyqırımı kimi qiymətləndirilib, müvafiq qərar və qətnamələr qəbul edilib.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində və 2023-cü il sentyabrın 19-20-də lokal xarakterli antiterror əməliyyatları nəticəsində torpaqlarımızın işğalçılardan təmizləndiyini vurğulayan natiq bildirib ki, tarixi torpaqlarımızda, eləcə də Xocalıda və ölkəmizin bütün suveren ərazilərində bayrağımızın qürurla dalğalanması Xocalı faciəsi qurbanlarının qanının yerdə qalmadığını bir daha nümayiş etdirir.

Sonra çıxış edən YAP Abşeron rayon təşkilatının sədri Abbas Əliyev, Xocalı sakini, şəhid ailəsinin üzvü Tahirə Hüseynova, RİH yanında İctimai Şuranın sədri, Vətən müharibəsi şəhidi Elçin Həsənlinin anası Xatirə İsmayılova, Vətən müharibəsi şəhidi Fərid Məmmədovun həyat yoldaşı Şəhla Məmmədova, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Abşeron rayonu üzrə məsləhətçisi Eltac İsmayılov bildiriblər ki, ermənilərin törətdikləri Xocalı soyqırımı nəticəsində 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib, 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olmaqla, ümumilikdə 613 nəfər amansızlıqla qətlə yetirilib. Həmçinin 487 nəfər yaralanıb, 1275 nəfər əsir götürülüb, 150 nəfər isə itkin düşüb.

Tədbir çərçivəsində orta ümumtəhsil məktəblərinin şagirdlərinin əl işlərindən ibarət “Xocalıya qayıdış” adlı rəsm sərgisi təşkil olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə