Heydər Əliyev Mərkəzində Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb
Fevralın 25-də Heydər Əliyev Mərkəzində Xocalı soyqırımının 33-cü ildönümü ərəfəsində faciə qurbanlarının xatirəsinə həsr olunan anım gecəsi keçirilib.
SİA xəbər verir ki, Heydər Əliyev Fondunun təşkilatçılığı ilə baş tutan tədbir soyqırımı qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Gecədə Əməkdar artist Fuad İbrahimovun bədii rəhbərliyi və dirijorluğu ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin ifasında Azərbaycan bəstəkarlarının – Arif Məlikov, Azər Dadaşov, Fərhad Bədəlbəyli, Fikrət Əmirov, Hacı Xanməmmədov, Rauf Əliyev, Soltan Hacıbəyovon əsərləri ifa olunub.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının iştirakı ilə törədilən Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i ahıl olmaqla, 613 Xocalı sakini qətlə yetirilib.
Heydər Əliyev Fondu bəşəriyyətin ən böyük faciələrindən olan Xocalı soyqırımının dünyaya çatdırılması istiqamətində silsilə tədbirlər həyata keçirir. 2008-ci ildən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət” beynəlxalq maarifləndirmə kampaniyası aparılır.
Artıq 5-ci ildir ki, Azərbaycan xalqı bu dəhşətli soyqırımın növbəti ildönümünü fərqli şəkildə anır. Tarixin ən ağır faciəsini yaşayan, dəhşətli terrora məruz qalan işğal altındakı torpaqlarımız azad edilməklə soyqırımı qurbanlarının, həmçinin digər şəhidlərimizin ruhu dinclik tapıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Böyük Qayıdış çərçivəsində bir zamanlar yurdlarından didərgin düşən Xocalı sakinləri də işğaldan azad olunan Xocalıya qayıdır, vaxtı ilə soyqırımı acısını yaşamış bu torpağa yeni həyat gətirirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə