Qahirədə “əl-Hivar” Siyasət və Media Araşdırmaları Mərkəzinin təşkilatçılığı və Azərbaycan səfirliyinin əməkdaşlığı ilə “Misir və Azərbaycan: COP27-dən COP29-a – inteqrasiya yolu” adlı seminar keçirilib. Tədbirdə iqlim üzrə mütəxəssislər, iqlim səfirləri iştirak ediblər.
SİA xəbər verir ki, Azərbaycanın Misirdəki səfiri Elxan Poluxov çıxış edərək yaşıl maliyyələşməni gücləndirmək sahəsində ölkəmizin baxışı və dayanıqlı iqtisadiyyata keçid üçün beynəlxalq əməkdaşlığın rolu barədə danışıb.
Səfir bildirib ki, Azərbaycan dövlət və özəl sektorun ekoloji layihələrə cəlb edilməsi sahəsində nümunə olmaq istəyir. Xüsusilə inkişaf etməkdə olan və təmiz enerjiyə keçiddə mürəkkəb iqtisadi çağırışlarla üzləşən ölkələr üçün yaşıl maliyyələşmə karbon neytrallığı siyasətinin həyata keçirilməsində əsas amildir.
Elxan Poluxov vurğulayıb ki, COP29 təkcə siyasi müzakirələr üçün bir forum deyil, həm də real və davamlı həllərin tapılması üçün bir platformadır. Azərbaycanın əsas məqsədi ekoloji investisiyaların cəlb edilməsi, bərpaolunan enerji və təbii resursların idarə olunmasında innovasiyaların təşviqi və yaşıl iqtisadi keçidin təmin olunmasıdır.
Eyni zamanda, səfir bildirilib ki, beynəlxalq əməkdaşlıq və vətəndaş cəmiyyəti iqlim fəaliyyətini dəstəkləməkdə mühüm rol oynayır. O, Mustafa əl-Şərbininin iqlim səfirləri təşəbbüsündəki rolunu yüksək qiymətləndirib, onun qlobal səviyyədə dayanıqlılıq strategiyalarının inkişafına töhfə verdiyini bildirib. Azərbaycan hökuməti ilə iqlim səfirlərinin əməkdaşlığı yaşıl maliyyələşmə sahəsində beynəlxalq tərəfdaşlığın gücləndirilməsi üçün strateji addım kimi dəyərləndirilib.
Avropa İqlim Paktı səfiri Mustafa əl-Şərbini çıxışında Şarm əl-Şeyx Sammiti (COP27) ilə Bakı Sammiti (COP29) arasında qarşılıqlı əlaqəyə toxunub, Paris Sazişinin öhdəliklərini yerinə yetirmək üçün beynəlxalq səylərin artırılmasının vacibliyini vurğulayıb. Diqqətə çatdırıb ki, inkişaf etməkdə olan ölkələrin iqlim dəyişikliyinə uyğunlaşma qabiliyyətini artırmaq üçün davamlı maliyyə təminatını həyata keçirən təşəbbüsləri dəstəkləmək lazımdır.
İqlim mütəxəssisi Əhməd Əli vurğulayıb ki, “EcoTherm” modelinə yatırılan investisiyalar təkcə ekoloji baxımdan deyil, iqtisadi cəhətdən də əhəmiyyətlidir. O qeyd edib ki, bu texnologiyanın tətbiqi dövlətlərə enerji xərclərinə milyardlarla dollar qənaət etməyə və yaşıl texnologiyalar sahəsində yeni iş yerləri yaratmağa imkan verir.
Bütün xəbərlər Facebook səhifəmizdə