Zaqatalada qanunsuz ağac kəsənlər məsuliyyətə cəlb ediliblər

Xəbər verildiyi kimi, Zaqatala rayonu ərazisində ağacların qanunsuz olaraq kəsilməsi faktı ilə bağlı keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin bir neçə maddəsilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

SİA-nın məlumatına görə, Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib ki, həyata keçirilən tədbirlər nəticəsində toplanmış sübutlar əsasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin “14 N-li Yol İstismarı” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Rüstəm Kamal oğlu Paşayevə Cinayət Məcəlləsinin 32.3, 259.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla qanunsuz ağac kəsməni təşkil etmə), 309.2 (vəzifə səlahiyyətlərini aşma ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilməklə barəsində istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həbs, Muhuma Məmmədəli oğlu Qudayevə isə həmin Məcəllənin 259.4, 32.5, 309.2 və 32.5, 313-cü maddələri ilə ittiham elan edilməklə barəsində istintaq orqanının qərarı ilə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə tam, hərtərəfli və obyektiv istintaq aparılmaqla cinayət əməlinin törədilməsində iştirak etmiş digər şəxslərin müəyyən olunaraq məsuliyyətə cəlb olunması istiqamətində tədbirlər davam etdirilir.

Tədbirlərin nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə