Fevralın 20-də F.Köçərli adına Respublika Uşaq Kitabxanasında “Yeniyetmə və keçid” layihəsi çərçivəsində “Uşaq hüquqları və uşaqların sosial müdafiəsi” adlı tədbir keçirilib. Layihənin “Dialoq və ünsiyyət” rubrikasına aid olan tədbir “Konstitusiya və Suverenlik İli”nə həsr olunub.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, tədbirdə kitabxana əməkdaşı uşaqları “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tanış edib, onlara bulinq haqqında geniş məlumat və mövzu ilə əlaqədar resurslar haqqında təqdimat edib.
Həmçinin qeyd edilib ki, məktəbdə müəllimlər və yoldaşlarla qarşılıqlı hörmətlə davranmaq, nizam-intizam qaydalarına riayət etmək hər kəsin hüquqlarının qorunmasına kömək edir. Məktəbdəki qaydalar hər bir şagirdin daha yaxşı təhsil alması və təhlükəsiz şəraitdə olmağı üçün vacibdir. Təqdimatın məqsədi şagirdlərə öz hüquqlarını öyrətmək və onları məsuliyyətlə istifadə etməyə dəstək olmaqdır. Çünki hüquqların istifadəsi ilə yanaşı, məsuliyyət daşımaq da önəmlidir.
Şagirdlərə məsləhət görülüb ki, bulinqə məruz qalındığı təqdirdə bu situasiyanı böyüklərlə bölüşərək müdafiə hüququndan istifadə etmək olar.
Tədbirin davamında yeniyetmələr və gənc kitabxanaçılar arasında dialoq və ünsiyyət mövzusunda maraqlı müzakirələr aparılıb. Sonda isə kitabxana tərəfindən şagirdlərə “Göy qurşağı” uşaq jurnalı hədiyə edilib.
Tədbirin məqsədi uşaqların bulinqə dair məlumatlılığını artırmaq, hüquqları və düzgün ünsiyyət qurmaqla bağlı maarifləndirməkdır.
Bütün xəbərlər Facebook səhifəmizdə