İqdır liseylərində Xocalı soyqırımı mövzusunda müsabiqə elan olunub - FOTOLAR

Türkiyənin İqdır vilayətindəki liseylərin şagirdləri arasında 1992-ci il 26 fevralda törədilmiş Xocalı soyqırımının 33-cü ildönümünə həsr olunmuş ən yaxşı rəsm, şeir və inşa müsabiqəsi elan edilib. SİA xəbər verir ki, bu barədə Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının (TADEF) sədr müavini, İqdırdakı “Azərbaycan Evi”nin rəhbəri Serdar Ünsal məlumat verib.

Onun sözlərinə görə, vilayətdə belə müsabiqələr ənənəvi olaraq keçirilir. O əlavə edib: “Biz gənc nəslin ermənilərin vəhşiliklərini unutmaması və beləliklə, gələcəkdə analoji halların təkrarlanmasına imkan verməmək üçün bu tədbirləri təşkil etməyi özümüzə borc bilirik”.

Xüsusi münsiflər heyəti müxtəlif nominasiyalar üzrə üç ən yaxşı iştirakçını seçəcək və qaliblər fevralın 24-də İqdırda keçiriləcək anım mərasimində mükafatlandırılacaqlar.

S.Ünsal İqdır vilayətinin bütün liseylərində təhsil alan şagirdləri müsabiqədə fəal iştirak etməyə çağırıb. O deyib: “Ermənistanın Azərbaycan torpaqlarını işğalı zamanı törətdiyi cinayətlər yaddaşımızda təzədir. Ermənilərin Xocalıda, Şuşada, Kəlbəcərdə, Ağdamda və Azərbaycanın digər bölgələrində törətdikləri vəhşilikləri Türkiyənin bütün sakinləri bilməli və xatırlamalıdır”.

TADEF-in sədr müavini xatırladıb ki, Xocalı soyqırımı ermənilərin Anadolu və Azərbaycanda türklərə qarşı törətdikləri ilk cinayət deyil. “Biz 1915-1920-ci il hadisələrini də unutmuruq. Anadoluda, o cümlədən İqdırda ermənilərin qanlı cinayətləri barədə hər kəs bilməlidir. Xocalıda yüzlərlə günahsız insanın qətlə yetirilməsi bəşər tarixinin utancverici səhifəsidir. Ermənilərdən fərqli olaraq, türklər heç vaxt dinc əhaliyə, o cümlədən etnik ermənilərə qarşı heç bir şəkildə qətliam törətməyiblər”, -deyə S.Ünsal əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə