Femida Könüllülərinin I Ümumrespublika Forumu keçirilib - FOTOLAR

Fevralın 15-də “Femida Könüllüləri” Təşkilatı və Azərbaycan Könüllü Təşkilatları İttifaqının birgə təşkilatçılığı ilə Femida Könüllülərinin I Ümumrespublika Forumu keçirilib. SİA xəbər verir ki, tədbir Dövlət Himninin səsləndirilməsi və ərazi bütövlüyümüz, suverenliyimiz naminə canından keçən qəhrəmanların əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Daha sonra “Femida Könüllüləri” Təşkilatının bir illiyinə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Forumda çıxış edən Ali Məhkəmənin sədr müavini Çingiz Əsgərov Ali Məhkəmənin təşəbbüsü ilə yaradılan “Femida Könüllüləri” Təşkilatının sıralarına hazırda 500-dən çox könüllünün qoşulduğunu diqqətə çatdırıb:

“Bu, ali təhsil müəssisələrinə, hüquq fakültələrinə böyük dəstəkdir. Könüllülük fəaliyyəti hüquq fakültələrindəki təcrübəyə töhfə kimi qiymətləndirilməlidir. Hesab edirəm ki, bu, gənc hüquqşünasların daha təcrübəli, daha praktikaya yaxın biliklərlə ali təhsil müəssisələrini bitirməsinə gətirib çıxarmalıdır. Ona görə də təşkilatın fəaliyyəti yüksək qiymətləndirilməlidir. Bir il ərzində göstərilən fəaliyyət öz müsbət nəticələrini verib və əminəm ki, bu daha da yaxşı olacaq. Məlumdur ki, bu il Prezident İlham Əliyev tərəfindən "Konstitusiya və Suverenlik İli" elan edilib və müvafiq qurumlara tapşırıqlar və tövsiyələr verilib. Əminəm ki, "Femida Könüllüləri" Təşkilatı bu fəaliyyətdə aktiv olaraq iştirak edəcək və nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsində müvafiq qurumlara dəstək verəcək.

Hazırda könüllülük hərəkatının bütün dünyada təqdir olunan, etimad göstərilən və hörmətlə qarşılanan hərəkatlardan biri olduğunu deyən ədliyyə nazirinin müavini Abiddin Hüseynov fikirlərinə belə davam edib: "Çünki könüllülük fədakarlıq, əzmkarlıq deməkdir və bu işləri təmənnasız görməkdir. Bu baxımdan hər kəs həmin keyfiyyətləri özündə birləşdirib könüllülük fəaliyyəti ilə məşğul ola bilmir. Bu gün “Femida Könüllüləri” həm də hüquqşünas könüllülərdir. Hüquqşünaslıq peşədən əlavə bir sosial məsuliyyətdir. Hüquqşünas qanunları bilməklə yanaşı, onları ədalətli tətbiq etməyi bacarmalı, fəaliyyəti zamanı insanpərvərliyini, ədalət hissini itirməməlidir. “Femida Könüllüləri” bir çox təşkilatlarda bu fəaliyyətlə məşğuldurlar. Bu, onların özləri üçün də böyük imkanlar açır. Həmin fəaliyyət onların təkcə hüquqi bilik və bacarıqlarını tətbiq etmələrinə, yeni vərdişlər əldə etmələrinə deyil, həm də onlara karyera yüksəlişi üçün geniş imkanlar açmağa, özlərini təqdim etməyə imkan verir. Eyni zamanda, könüllülük həmin fəaliyyətin həyata keçirildiyi müxtəlif dövlət və qeyri-dövlət orqanları üçün də yüksək peşəkarlığa malik insan resursu potensialıdır. Bu fəaliyyət nəticəsində biz də könüllülər sırasından fərqlənən gəncləri gələcəkdə ədliyyə orqanları sıralarında görmək istəyir, onlara müxtəlif təkliflər edirik. İnanıram ki, "Femida Könüllüləri" Təşkilatı bundan sonra da özünün uğurlu fəaliyyətini davam etdirəcək və Azərbaycanın hüquq sisteminə töhfə verməyə davam edəcək. Onlar gələcəkdə Azərbaycanın tanınmış hüquqşünasları, hakimləri, prokurorları, vəkilləri və digər müxtəlif peşə sahələrində uğurla çalışan şəxsləri olacaqlar".

Gənclər Fondunun icraçı direktoru vəzifəsini icra edən Qədir Xəlilovun sözlərinə görə isə bir illik fəaliyyəti yeni tamam olmuş könüllülük təşkilatının bu dərəcədə vüsət alması əslində təsadüfi deyil. Bunun səbəbi ölkəmizdə hüquqşünasların hər bir təşkilatda öz sözlərini deməyə qadir olmaları ilə əlaqəlidir: “Ona görə də “Femida Könüllüləri”nin bir illik fəaliyyətinə baxanda heç də təəccüblənməməliyik”.

“Əminəm ki, gələcəkdə səsiniz nəinki könüllülük səviyyəsində, hətta ən uca pillələrdən gələcək. "Konstitusiya və Suverenlik İli"nin məhz sizin iliniz olacağına inanıram. Bu il sizlər otuzdan çox könüllü fəaliyyətinə bir nümunə olacaqsınız. Gənclər Fondu olaraq Femida könüllülərinin yanındayıq. Femida könüllüləri bizim müxtəlif layihələrimizdə hər zaman öndə olan gənclərdən olublar. Bu baxımdan onların ölkəmizə verdiyi töhfə digər gənclər təşkilatından fərqlənir. Ayrı-ayrı tədbir və layihələrimizlə, qrant müsabiqələrimizlə bütün gənclərə dəstək olduğumuz kimi sizlərə dəstək olmağa hazırıq. Ulu Öndər Heydər Əliyev tərəfindən başlanmış, Prezident İlham Əliyev tərəfindən davam etdirilən gənclər siyasətində könüllülüyə verilən dəyər ən vacib amillərdən biridir. Bu baxımdan sizin ölkəmizin gələcəyində tuta biləcəyiniz yer həqiqətən də çox önəmlidir", - deyə Q.Xəlilov bildirib.

Vəkillər Kollegiyasının (VK) sədr müavini Pərviz Ələkbərov isə VK-nın hər zaman gənclərə dəstək göstərdiyini vurğulayıb. "Femida Könüllüləri" Təşkilatı ilə birgə əməkdaşlıq memorandumu imzalandığını diqqətə çatdıran P.Ələkbərov deyib: "Memoranduma əsasən könüllülər bizim qurumlarımızda, bürolarımızda vəkillik üzrə təcrübə keçdilər və onların fəaliyyətini yaxından izlədik. Bu gün fəxr edirik ki, bizim gənc hüquqşünas tələbələrimiz təmənnasız olaraq vətəndaşlara dəstək göstərirlər. Hesab edirəm ki, “Femida Könüllüləri” ilə böyük işlər görəcəyik".

Mediasiya Şurasının sədri Nadir Adilov "Femida Könüllüləri" Təşkilatı ilə sıx əməkdaşlıq etdiklərini və könüllülərin fəaliyyətindən məmnun olduqlarını bildirib: "Könüllülər bizim fəaliyyətimizə də cəlb olunub. Onlardan öyrənəcəyimiz məsələlər də çoxdur. Gənclər bacarıqlıdır, yenilikçidir.

Onu da qeyd edim ki, müasir dövrdə hüquq sistemi çəkişmə prinsipindən uzlaşma prinsipinə keçid mərhələsindədir. Ona görə də təşkil edilən tədbirlərdə, rəmzi məhkəmə proseslərində mediasiyanı da nəzərə almaq məqsədəuyğundur. Yəni tərəflərin təkcə çəkişmə deyil, uzlaşma prinsipinin də olduğunu göstərməliyik. Yəni, uzlaşma mədəniyyətinin hüquq mədəniyyəti olaraq davam etdirilməsi tövsiyə olunur".

Forum çərçivəsində, həmçinin səmərəli fəaliyyətinə görə Femida Könüllüləri mükafatlandırılıblar. O cümlədən "Femida Könüllüləri" Təşkilatının fəaliyyətinin geniş işıqlandırılmasında fərqlənən media qurumlarına təşəkkürnamələr təqdim olunub. Təltif olunanlar arasında AZƏRTAC da yer alıb.

Bununla yanaşı, Könüllülərin Elektron İdarə Edilməsi Sisteminin təqdimatı olub.

Forum çərçivəsində “Dövlət qurumlarında hüquqşünas gənclər üçün inkişaf şəraiti” və “Hüquqşünas gənclər üçün özəl sektorda təcrübə imkanları” mövzularında dəvət olunmuş qonaqlarla panel görüşləri də olub.

Qeyd edək ki, Forum Azərbaycan Respublikası Ali Məhkəməsi, Məhkəmə-Hüquq Şurası, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikasının Gənclər Fondu və Vəkillər Kollegiyasının dəstəyi ilə həyata keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə