"Sosial şəbəkələrlə bağlı bir çox problemləri müşahidə etməkdəyik" - SOSİOLOQ FİKRİ

"İlk olaraq qeyd edim ki, sosial şəbəkələrlə bağlı bir çox problemləri biz müşahidə etməkdəyik. Eyni zamanda sosial şəbəkələrdəki yeni tanışlıq səhifələri ilə bağlı biz paylaşımları görürük və təbii ki, bunu müsbət qarşılamırıq". Bu sözləri SİA-ya açıqlamasında fəlsəfə doktoru, sosioloq Ağasəlim Həsənov deyib.

Onun sözlərinə görə, sosial şəbəkələrin bu gün insanlara virtual olaraq təqdim etdikləri imkanlar yaxşı olar ki, müsbət yöndən dəyərləndirilsin. "Vətəndaşlarımız informasiya texnologiyalarının yaratdığı bu geniş imkanlardan, sosial platformalardan müsbət mövzuları müzakirə etsinlər. Nəinki hanısa tanışlıq səhifələri yaratmaq və bununla da cəmiyyətdə mənəvi-əxlaqi baxımından aşınmalara səbəb olacaq fəaliyyətdə olsunlar. Təbii ki, biz buna qarşıyıq, tənqidi yanaşırıq, başqa cür yanaşmada ola bilməz. Çünki hər bir xalqın özünün milli-mənəvi dəyərlər sistemi var. Hər bir xalq yaşam tərzini məhz sahib olduğu milli-mənəvi dəyərlər sistemi əsasında formalaşdırır. Yəni milli-mənəvi dəyərlər konteksində məsələyə baxdıqda Azərbaycanın tarixi keçmişində, bu günündə çox gözəl adət-ənənələri, dəyərləri, əxlaqa dayanan davranış formaları, sosial formaları cəmiyyətdə vardır. Yaxşı olar ki, sosial şəbəkə üzərindən bu cür məqsədli şəkildə paylaşım edənlər bu barədə düşünsünlər və bilərəkdən və ya məqsədli şəkildə və yaxud da ki, bilməyərəkdən də belə bir paylaşım etməkdən çəkinsinlər. Məsələnin digər bir tərəfi isə bu cür paylaşım edənlərin qarşısının alınmasına, dövlət öz işini görür. Yəni hansısa bir inzibati sərt tədbirlər həyata keçirməklə bu cür paylaşım edənlərə qarşı müəyyən mübarizə aparmaqla mümkündür. Amma desək ki, bu problemi köklü şəkildə həll edəcəkdir, buna da özümüzü inandırmayaq.

Problemin istədiyimiz şəkildə sonlanması, aradan qaldırılması və bu cür paylaşımların sosial şəbəkələrdən azalması üçün insanları maarifləndirmək və təbliğat aparmaq lazımdır. Başqa alternativ həll yolunu hələ ki, mən görmürəm. Düşünürəm ki, insanlarımız ayıq-sayıq olmalıdırlar, bu cür paylaşımlar milli-mənəvi dəyərlərimizə ziddir, bu gələcəkdə təsadüfi tanışlıqlara yol açır. Ümumiyyətlə gənclərin ailə qurması məsələsinə münasibəti dəyişir və bütövlükdə cəmiyyət, ailə instutu, toplum olaraq və birazda irəliyə getmiş olsaq dövlət olaraq bundan zərər çəkmiş olarıq".

Müəllif: Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə