Gənc ailələr ev alarkən niyə problem yaşayırlar? - EKSPERT AÇIQLADI

"Gənc ailələrin mənzil və məişət şəraitinin yaxşılaşdırlması ilə bağlı Azərbaycanda müxtəlif istiqamətdə proqramlar icra olunur. Eyni zamanda ipoteka və kredit zəmanət fondunun xətti ilə gənc ailələrin mənzil təminatı ilə bağlı güzəştli ipoteka proqramından yararlanmaq imkanıda var". Bu sözləri SİA-ya açıqlamasında mənzil üzrə ekspert Ramil Osmanlı deyib.

Onun sözlərinə görə, Azərbaycanda çox təəssüflər olsun ki, bir çox hallarda gənc ailələr ev alarkən çətinlik çəkirlər. Əvvəlki illərdə bu problem daha çox idi. Lakin son illərə nəzər salsaq artıq bu problemlər üçün yaradılan həmin o proqramlar var: "Belə ki, gəlirlərin rəsmiləşdirilməsi, müsahibat uçotu zamanı alınan sənədlər, əmək müqaviləsi, işçiyə ödənilən vəsaitlərin rəsmiləşdirilməsi məsələsində müəyyən problemlər var idi. Bu problemlər artıq ildən-ilə aradan qalxmağa başlayıb. Amma buna baxmayaraq müxtəlif gənc ailələr bu proqramdan yararlana bilir. Aydın məsələdir ki, hamı istəyər ki, buna oxşar dövlət proqramlarından yararlansın, amma nəzərə almaq lazımdır ki, dövlətin bu gün Azərbaycandakı bütün gənc ailələrin mənzillə təmin etmək imkanı yoxdur. Bunun üçün böyük vəsaitə ehtiyac var. Bazar iqtisadiyyatıdır, əsasən iş yerlərinin yaradılması, işsizliyin aradan qalxması vacib amillərdən biridir. Birdə bizdə acınacaqlı vəziyyətlərdən biri də, demoqrafik vəziyyətlə bağlıdır. Şəhərə axınla bağlı olan məsələlərdir. Təəssüf ki, insanlar bir çox hallarda rayon ərazilərində mənzil almaq istəmirlər və orada yaşamaq istəmirlər. Burada təbii ki, iş yerlərinin, gəlirlərin az olması məsələsi də müəyyən rol oynayır. Amma bütün hallarda hesab edirəm ki, tədricən bu problemlər aradan qaldırılmalıdır".

Müəllif: Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə