Son altı ildə aparılan beş islahat zərfi 4 milyon insanı əhatə edir

Prezident İlham Əliyevin “Əmək pensiyalarının indeksləşdirilməsi haqqında” yeni Sərəncamı sosial müdafiənin gücləndirilməsi istiqamətində son 6 ildə sayca beşinci islahat zərfidir. Bu onu göstərir ki, sosial sahədə islahatlar davamlıdır və ümumilikdə, 4 milyon insanı əhatə edir. Həmin islahatların maliyyələşdirilməsinə illik əsasla 8,3 milyard manata yaxın vəsait sərf olunur.

SİA xəbər verir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədri Himalay Məmişov fevralın 5-də keçirilən brifinqdə deyib.

H.Məmişov bildirib ki, aparılan 5 islahat zərfi çərçivəsində minimum əməkhaqqı 3,1 dəfə, ölkə üzrə əməkhaqqı fondu 3 dəfədən artıq artmış olub: “Eyni zamanda, müavinət və təqaüdlərin məbləğlərində təxminən 5,5 dəfə artım müşahidə edirik. Ehtiyac meyarı 3,5 dəfə artıb. Cari indeksasiyanı da nəzərə almış olsaq, əmək pensiyalarının orta aylıq məbləğlərində də ciddi artımlar müşahidə edə bilərik. Belə ki, islahatlar nəticəsində minimum əməkhaqqı məbləği 2,9 dəfə, orta aylıq pensiya məbləği 2,6 dəfə, o cümlədən yaşa görə orta aylıq pensiya məbləği isə 2,4 dəfə artıb. Sonuncu əmək pensiyalarının indeksləşdirilməsi ilə bağlı Sərəncam da nəzərə almış olduqda, o zaman müşahidə edirik ki, 2025-ci ildə artıq əmək pensiyalarının orta aylıq məbləği ümumi pensiyalar üzrə 497 manatdan 537 manata, yaşa görə pensiyaların orta aylıq məbləği isə 530 manatdan 573 manata yüksəlmiş olur. Onu da qeyd etmək istərdim ki, indeksləşmədən bütün pensiyaçılar - 1,1 milyon pensiyaçı yararlanmış olacaq”.

Sədr qeyd edib ki, aparılan islahatların mahiyyətinə, əhatə dairəsinə və maliyyələşdirilməsinə sərf olunan vəsaitə nəzər salmış olsaq, ölkədə həyata keçirilən siyasətin sosial siyasət olduğunu, aparılan islahatların mərkəzində vətəndaşların maddi rifahının dayandığını bir daha aydın şəkildə görürük.

O, müavinət və təqaüdlərin, o cümlədən tələbə təqaüdlərinin artımı ilə bağlı təkliflərin hazırlanmaqda olduğunu və qısa müddətdə aidiyyəti üzrə təqdim ediləcəyini də diqqətə çatdırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə