Binəqədidə Gənclər Gününə həsr olunmuş tədbir keçirilib - FOTOLAR

Binəqədi Rayon İcra Hakimiyyətində 2 Fevral - Azərbaycan Gəncləri Gününə həsr olunmuş tədbir keçirilib. SİA xəbər verir ki, tədbirdə birdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Elxan Allahverdiyev, icra hakimiyyəti başçısının I müavini Hacıbaba Babayev, müavin Sevinc Süleymanova, Aparatın İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nicat Allahverdiyev, Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Səməndər Mənəfov, Binəqədi rayonu üzrə gənclər və idman sektorunun müdiri Kamran Quliyev, “Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsinin müdiri Günel Həsənova və elm, mədəniyyət, təhsil, səhiyyə, hərbi, ictimai, elmi-pedaqoji fəaliyyətdə və idman sahəsində fərqlənən rayon gəncləri iştirak ediblər.

Tədbirdə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

İcra hakimiyyətinin başçısı Elxan Allahverdiyev gəncləri əlamətdar gün münasibətilə təbrik edib. Vurğulayıb ki, gənclərlə bağlı dövlət siyasətinin formalaşdırılması və həyata keçirilməsi Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli Lider Heydər Əliyev hər zaman gənclərimizə böyük ümidlər bəsləyib, çıxışları zamanı və keçirdiyi görüşlərdə dəfələrlə qeyd edib ki, Azərbaycanın parlaq gələcəyi müasir düçüncəli gənclərin əlindədir. Dövlətin gənclər siyasəti bu gün Ümummilli Liderin layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən yeni inkişaf mərhələsinə qədəm qoyub. Gənclərin hərtərəfli inkişafı, mükəmməl təhsil alması müxtəlif sahələr üzrə potensiallarının aşkar edilməsi, bacarıqlarının stimullaşdırılması üçün münbit şərait yaradılıb. Azərbaycan gəncliyi ictimai həyatın bütün sahələrində fəal iştirakı ilə seçilir. Azərbaycanda həyata keçirilən gənclər siyasəti gənc nəslin hərtərəfli inkişafı üçün şərait yaratmaqla yanaşı, onları vətənpərvər ruhda formalaşdırıb. Bu baxımdan 44 günlük Vətən müharibəsində əldə etdiyimiz Zəfər Azərbaycan gəncinin vətənpərvərliyini, gücünü, əzmini bütün dünyaya nümayiş etdirdi.

Müxtəlif sahələr üzrə uğur qazanan rayon gəncləri çıxışlarında ölkəmizdə gənclərə göstərilən hərtərəfli qayğı və diqqətə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya dərin təşəkkürlərini bildiriblər.

Görüşün sonunda rayonun ictimai həyatında fərqlənən bir qrup gəncə fəxri fərman və mükafatlar təqdim olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə