Şimal bölgəsində bir gündə 8 min ağac əkilib - FOTOLAR

Bu gün Quba, Qusar, Xaçmaz və Şabran rayonlarında 8 mindən artıq ağac əkilib. SİA xəbər verir ki, meşəbərpa tədbirləri açıq və seyrək ərazilərdə keçirilib.

Qubadakı ağacəkmə aksiyası ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, Quba rayon icra hakimiyyətinin başçısı İlqar Mahmudov, Milli Məclisin deputatı Əlibala Məhərrəmzadə, Meşələrin İnkişafı Xidmətinin və regional ekologiya idarələrinin əməkdaşlarının iştirakı ilə baş tutub. Meşəbərpa tədbirləri zamanı ümumilikdə 8 mindən artıq palıd, cökə, Eldar şamı və qoz tingi əkilib.

5 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru Elvin Baxışov bildirib ki, Quba rayonunun Xucbala kəndi yaxınlığında meşə fondu torpaqlarına aid 1 hektar ərazidə 1500-ə yaxın palıd, Qusarda cökə, Xaçmazda isə qoz ağacları əkilib. Ərazidə qapalı kök sisteminə malik tinglər basdırılır.

"Yalnız 2024-cü ildə Qubada 94 hektar ərazidə yeni meşə salınıb. Bu ərazilərdə ümumilikdə 70 mindən çox ting əkilib.Bundan başqa, meşənin seyrək yerlərində təbii bərpaya kömək məqsədilə ağac toxumları səpilir. Meşə fondu torpaqlarında meşəbərpa tədbirləri plana uyğun olaraq daim davam etdirilir", - deyə E.Baxışov söyləyib.

Aksıya çərçivəsində əkilən tinglərə aqrotexniki qulluq edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə