"Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzini Keşlə qəsəbəsi, “Gənclik” metrostansiyası və Azərbaycan Tibb Universiteti ilə əlaqələndirən 38 nömrəli marşrutda istismar olunan avtobuslar yenilənir.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildirilib ki, fevralın 1-dən sərnişinlərin xidmətinə veriləcək 15 ədəd yeni "Yutong" markalı avtobus müasir, ekoloji cəhətdən təmiz CNG texnologiyası ilə təchiz olunub.
Yeni avtobusların xətlərə buraxılması ilə bu marşrut üzrə hərəkət intervalı 6-7 dəqiqə təşkil edəcək. Avtobuslarda ödəniş nağdsız qaydadadır. İctimai nəqliyyat sistemində sərnişinlərə keyfiyyətli xidmətin göstərilməsi məqsədilə marşrutlarda istifadə olunan avtobusların yenilənməsi mərhələli qaydada davam etdirilir.
Bundan başqa, 62 və 217 nömrəli avtobus marşrutları üzrə müsabiqələr keçirilib və hüquqi şəxs “BakuBus” MMC qalib gəlib.
Artıq fevralın 1-dən Xətai rayonunun Nəsirəddin Tusi küçəsini Sabunçu Dəmiryol Stansiyası ilə əlaqələndirən 62 nömrəli marşrut üzrə 27 elektrikli avtobus və “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzini Məmmədli qəsəbəsi ilə əlaqələndirən 217 nömrəli marşrut üzrə 13 ədəd CNG texnologiyalı avtobus sərnişinlərə xidmət göstərəcək.
62 nömrəli marşrutda gediş haqqı 0.50 AZN, 217 nömrəli marşrutda isə 0.55 AZN təşkil edir. Ödənişlər nağdsız qaydada həyata keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə