Göyçayda baş verən hadisənin qida zəhərlənməsi olmadığı məlum olub.
SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.
Baş verən hadisə ilə bağlı AQTA-nın mütəxəssis qrupu tərəfindən aidiyyəti qurumların əməkdaşları ilə birgə müvafiq araşdırmalar aparılıb. İlkin araşdırmalar nəticəsində hadisənin qida zəhərlənməsi olması barədə yayılan məlumatlar təsdiqini tapmayıb.
Belə ki, Göyçay Rayon Mərkəzi Xəstəxanasından Agentliyə daxil olan məlumatda həmin şəxslərə “toksik alergik qastrid” və “dəqiqləşdirilməmiş qastrid” diaqnozları qoyulduğu qeyd edilib.
Xatırladaq ki, Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinin 5 qız tələbəsi zəhərlənmə şübhəsi ilə rayon mərkəzi xəstəxanasına müraciət edib. Onlara xəstəxanada ilkin tibbi yardım göstərilib və vəziyyətləri qənaətbəxş olduğuna görə ambulator müalicə üçün evə buraxılıblar. Kollec rəhbərliyindən verilən məlumata görə, tələbələrin səhhəti tam bərpa olunub və onlar bu gün keçirilən imtahanlarda iştirak ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə