Plastik cərrah Sənan Mehdiyev barədə həbs qətimkan tədbiri seçilib

Xəbər verildiyi kimi, Bakı şəhər sakini, 1995-ci il təvəllüdlü Mansurlu Nəzrin Aydın qızının yanvarın 12-də ölməsi faktı ilə bağlı Nəsimi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, istintaqla Nəzrin Mansurlunun yanvarın 3-də paytaxtın Nəsimi rayonu ərazisində yerləşən “Mərcan Medicare” adlı klinikada plastik cərrah işləyən Sənan Mehdiyev tərəfindən icra olunmuş rinoplastika əməliyyatından sonra vəziyyətinin kəskin ağırlaşması və yerləşdirildiyi klinikada ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Sənan Mehdiyev Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunub, barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya rəhbərlik edən prokurorun təqdimatı əsasında Nəsimi rayon məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə ibtidai istintaq davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə