Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialında 20 Yanvar – Ümumxalq Hüzn Günü ilə əlaqədar “20 Yanvar - tarixi yaddaşımız” mövzusunda anım tədbiri keçirilib. Mərasimdə şəhid ailələrinin nümayəndələri, ADPU-nun Quba filialının professor-müəllim və tələbə heyəti iştirak edib.
Heydər Əliyev Lektoriyasında təşkil olunan tədbir Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlanıb. Bunun ardınca ümummilli lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra 1990-cı ildə Azərbaycan xalqına qarşı törədilən hərbi cinayətə etiraz etmək üçün qanlı hadisədən dərhal sonra Azərbaycan Respublikasının Moskvadakı Daimi nümayəndəliyinə gələrək bu insanlıq faciəsini törədənləri kəskin ittiham edən ulu öndər Heydər Əliyevin həmin mətbuat konfransındakı çıxışından bir parça nümayiş olunub.
Çıxışında Azərbaycan xalqının dövlətçilik tarixinə ötəri nəzər salan filialın direktoru, fizika elmləri doktoru dosent Yusif Alıyev ötən əsr boyu xalqımızın apardığı milli-azadlıq mübarizəsinin ayrı-ayrı istiqamətlərinə toxunaraq Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyəti dövründəki qazanılan milli-ideoloji nailiyyətləri ümumxalq sərvəti kimi dəyərləndirib. Keçmiş SSRİ-nin süqutu illərində təcavüzkar Ermənistanın Azərbaycana qarşı qaldırdığı əsassız ərazi iddiaları ilə başlanan proseslərdə Azərbaycan xalqının göstərdiyi milli-müqavimətdə ümummilli lider Heydər Əliyevin formalaşdırdığı ideoloji xəttin tarixi rol oynadığını diqqətə çatdıran direktor deyib ki, 20 Yanvar hadisələri Azərbaycan üçün ümumxalq faciəsi olmaqla bərabər, həm də dövlətçilik yolunda milli-azadlıq salnaməsinin başlanğıc nöqtəsi olduğu üçün tarixi yaddaşımızı özündə əks etdirir. Dünya şöhrətli siyasi xadim Azərbaycanın daimi nümayəndəliyinə gələrək bu faciəni törədənləri ifşa etdi, onları insanlıq cinayəti törətməkdə suçlayaraq qanlı hadisənin ört-basdır edilməsinə imkan vermədir. Xalqımızın haqq səsi bütün dünyaya yayıldı. Sonrakı dövrdə məhz Ulu Öndərin təşəbbüsü və birbaşa iştirakı ilə Azərbaycan Parlamenti 20 Yanvar faciəsinə hüquqi-siyasi qiymət verərək günahkarların adlarını açıqladı. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyiyi ilə qəhrəman Azərbaycan Ordusunun 44 günlük vətən müharibəsində qazandığı rəşadətli Zəfər və 2023-cü ilin sentyabrında keçirilmiş lokal xarakterli antiterror əməliyyatları nəticəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpa olunması xalqımızın milli-azadlıq və dövlətçilik arzularının gerçəkləşməsidir.
Qanlı Yanvar faciəsinin Azərbaycan xalqı tərəfindən heç vaxt unudulmayacağını ifadə edən Heydər Əliyev Lektoriyasının müdiri aparıcı Nəhayət Şirinova bu hadisə ilə bağlı fikir və düşüncələrini bölüşüb.
Faciəyə həsr olunan video-çarx nümayiş ediləndən sonra çıxış edən ADPU-nun Quba filialının müəllimi, t.f.d. Təhminə Əliyeva 20 Yanvar faciəsinin səbəb və məqsədlərindən bəhs edib. Alim diqqətə çatdırıb ki, bu qanlı faciə təcavüzkar Ermənistanın Azərbaycan xalqına qarşı olan düşmənçiliyin və işğalçılıq niyyətlərinin məntiqi nəticəsi olaraq törədilmişdir. Keçmiş SSRİ rəhbərliyinin ayrı-seçkilik və işğalçı Ermənistana havadarlıq siyasəti Azərbaycan xalqının haqlı narazılığına səbəb olmuşdur ki, 20 Yanvar hadisələri də bu narazılığın zirvə nöqtəsində baş verib.
Şəhid atası Ayaz Fətəliyev çıxışında 20 Yanvar faciəsində baş verənləri Azərbaycan xalqının qəhrəmanlıq salnaməsi olduğunu xatırladaraq qəhrəman övladının Vətənimizin azadlığı və suverenliyi uğrunda canını fəda etməsini Azərbaycandakı milli-vətənpərvərlik istiqamətində qazanılan uğurların bariz nümunəsi kimi dəyərləndirib.
Şəhid atası Muxtar Murtuzov da çıxışında 20 Yanvar faciəsində baş verənləri Azərbaycan xalqının milli cəsarəti, qəhrəmanlığı, xalqımızın bütövlüyünün, birliyinin, həmrəyliyinin, torpağa və Vətənə bağlılığımızın bariz nümunəsi olduğunu ifadə edib.
Şəhid ataları çıxışlarında diqqətə çatdırıblar ki, müzəffər Ali Baş komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan ordusunun otuz illik işğala son qoyması Azərbaycan xalqının milli kimliyinin təsdiqi, xalqımızın üstündəki qara ləkənin şəhid qanları ilə yuyulub təmizlənməsidir.
Anım tədbirinin bədii hissəsindəAzərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının tələbələri Şəhanə Hüseynova və Aysun Əliyeva 20 Yanvar faciəsinə, şəhidlərimizin qəhrəmanlığına həsr olunan şeirlər oxuyublar.
Pedaqoji Universitetin Quba filialının dəhlizində 20 Yanvar – Ümumxalq Hüzn Gününə aid acılar, faciənin siyasi səbəb, məqsəd və nəticələrini özündə əks etdirən nadir əsərlərdən ibarət kitab sərgisi qurulub.
Bütün xəbərlər Facebook səhifəmizdə