Azərbaycanın Rusiyanın Yekaterinburq şəhərindəki Baş Konsulluğunda 20 Yanvar - Ümumxalq Hüzn Günü ilə əlaqədar fotosərgi açılıb və anım tədbiri keçirilib.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, sərginin açılışında və anım tədbirində Azərbaycan diasporunun nümayəndələri, gənclər və Baş Konsulluğun əməkdaşları iştirak ediblər.
Tədbir iştirakçıları fotosərgi ilə tanış olub, xatirə stendinin önünə gül dəstələri qoyublar. Şəhidlərimizin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib. Sonra 20 Yanvar hadisələrinə dair film nümayiş olunub.
Baş konsul vəzifələrini icra edən Şöhrət Mustafayev tədbirdə çıxış edərək bildirib ki, 35-ci ildönümünü andığımız 20 Yanvar hadisələri Azərbaycan xalqının iradəsinin sarsılmazlığının və daim öz müqəddəratına sahib çıxa biləcək qüdrətdə olmasının daha bir təsdiqidir. O, ən yeni tariximizə “Qara Yanvar” kimi yazılan 20 Yanvar hadisələrinin xalqımızın qəhrəmanlıq salnaməsinə çevrildiyini, müasir Azərbaycanın taleyində dönüş nöqtəsi olaraq milli kimliyimizin formalaşmasında və dövlət müstəqilliyimizin bərpa olunmasında həlledici amil olduğunu qeyd edib.
Çıxışının sonunda Ş.Mustafayev Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsinin xüsusi əhəmiyyət daşıdığını qeyd edərək, 20 Yanvar hadisələrinin müstəqilliyimizə və suverenliyimizə doğru gedən yolda xalqımızın dünyaya böyük qəhrəmanlıq nümunəsi göstərdiyini vurğulayıb.
Daha sonra “Oazis” Azərbaycan məktəbinin direktor müavini Aytən Baxşıyeva, “Azərbaycan-Ural” İctimai Milli-mədəni təşkilatının sədri Şahin Şıxlinski, Yekaterinburq Dağ-Mədən Universitetinin professoru Niyaz Vəliyev, Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının Sverdlovsk vilayətindəki nümayəndəliyinin rəhbəri Toğrul Həsənzadə və gənclər çıxış edərək, 20 Yanvar hadisələrinin faciə ilə yanaşı, xalqımızın tarixinə yazılan qəhrəmanlıq dastanı kimi qeyd olunduğunu bildiriblər.
Eyni gün, “Oazis” Azərbaycan məktəbində şagirdlər tərəfindən 20 Yanvar faciəsinə həsr olunmuş rəsm kompozisiya hazırlanaraq, məktəbin müəllim və şagird heyətinə təqdim olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə