Mərkəzi Baytarlıq Laboratoriyası uğurlu nəticələr əldə edib - FOTO

Qida təhlükəsizliyi, bitki və heyvan sağlamlığı sahəsində laboratoriya sisteminin inkişafı ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) laboratoriyalarının maddi-texniki bazasının gücləndirilməsi və modernləşdirilməsi istiqamətində mütəmadi olaraq tədbirlər həyata keçirilir. Həmçinin laboratoriyalarda qabaqcıl texnologiyaların tətbiqi, səriştəliliyin artırılması üçün kadrların təlimlərdə və beynəlxalq laboratoriyalararası səriştəlilik sınaqlarında iştirakı təmin edilir.

Həyata keçirilən tədbirlər çərçivəsində AQTİ-nin Mərkəzi Baytarlıq Laboratoriyası (MBL) Böyük Britaniyanın “VETQAS” şirkəti tərəfindən təşkil olunan növbəti səriştəlilik sınağında iştirak edib. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin İnformasiya təminatı və innovativ həllər şöbəsindən SİA-ya bildirilib ki, laboratoriya atlarda infeksion anemiya xəstəliyinin ELİSA müayinə metodu ilə təyini və bruselyoz xəstəliyinin Roz-Benqal sınağı ilə təyini üzrə aparılan müayinələrdə uğurlu nəticələr əldə edib. Əldə edilən nailiyyətlər MBL-in beynəlxalq standartlara uyğunluğunu və yüksək səriştəliliyini təsdiqləyir. Eyni zamanda, laboratoriyanın texniki bacarıqlarını və etibarlılığını gücləndirir, beynəlxalq akkreditasiyadan keçmək imkanlarını artırır.

Qeyd edək ki, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Mərkəzi Baytarlıq Laboratoriyası müasir maddi-texniki bazaya malik olan və beynəlxalq tələblərə cavab verən ikinci səviyyəli biotəhlükəsizlik laboratoriyasıdır.

Mərkəzi Baytarlıq Laboratoriyasında patomorfoloji, mikrobioloji, virusoloji, seroloji, molekulyar-genetik, kimyəvi-toksikoloji və parazitoloji müayinələr həyata keçirilir. Laboratoriya AZS ISO/IEC 17025 “Sınaq və kalibrlənmə laboratoriyalarının səlahiyyətliliyinə dair ümumi tələblər" standartına əsasən Azərbaycan Akkreditasiya Mərkəzi tərəfindən milli və Türkiyə Akkreditasiya Qurumu “TÜRKAK” tərəfindən beynəlxalq akkreditasiyadan keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə