Qərbi Azərbaycanın Zəngəzur bölgəsində yerləşən Şor bulaq qədim su mənbələrindən biridir. Abidə indiki Ermənistanın Görus rayonunun Dığ kəndində, dəniz səviyyəsindən 1360 metr yüksəklikdə yerləşir. “Dığ” sözü türk toponimidir və “qışlaq” mənasında işlədilir. Kənd Qafan şəhərindən 100 kilometr, Görus şəhərindən isə 20 kilometr məsafədə, Azərbaycanla Ermənistan arasındakı təmas xəttindən təxminən 1 kilometr uzaqlıqda yerləşir. Şor bulaq kəndin mərkəzindəki Alban dövrünə aid məbəddən (ermənilər hazırda bu məbədi “Surb Gevorq” kilsəsi adlandırırlar) 200 metr cənubda yerləşir. Yerli azərbaycanlılar bulağı “Şor bulaq” (duzlu su) adlandırırdılar. Azərbaycanlılar bu ərazilərdən etnik təmizləməyə məruz qaldıqdan sonra belə, ermənilər bulağın adını dəyişə bilməyib və onu hələ də Şor bulaq adlandırırlar. Bu bulaq Dığ kəndinin içməli su ilə təmin olunan yeganə mənbəyi idi.
Bu fikirlər AMEA A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitunun əməkdaşı Faiq İsmayılovun “Qərbi Azərbaycan abidələri: Şor bulaq” adlı məqaləsində yer alıb. SİA AZƏRTAC-a istinadən məqaləni təqdim edir:
Erməni mənbələrinə görə, Dığ kəndi X əsrə aid yaşayış məntəqəsi kimi xatırlanır. Buna görə də Şor bulağın da çox qədim tarixə malik olduğu güman edilir. Lakin Ermənistanın abidələrin qeydiyyatı siyahısında bulağın tikilmə dövrü XV-XVII əsrlərə aid göstərilir. Bulağın divarlarında yazılı məlumat olmadığı üçün onun tikilmə tarixi ilə bağlı dəqiq fakt yoxdur.
Bulağın memarlıq quruluşunda dəyişikliklərin aparıldığı görünür. Ön divar daşlarından birində “1932” yazısı var. Divarların bəzi hissələri sökülərək yenilənib, dam örtüyü isə dəmir təbəqə ilə əvəzlənib. Bu dəyişikliklər ermənilərin abidəni əvvəlki formasından uzaqlaşdırdığını göstərir. Bulaq yerli pud daşları və əhəng məhlulu ilə tikilib. Yan divarlarla mərkəzdəki sütun dam örtüyünü dəstəkləyir. Bulağın ön divarında üç, sağ divarında isə bir taxça var. Bu taxçalar gecələr çıraq qoyulması üçün nəzərdə tutulub ki, insanlar və heyvanlar bulaqdan gecə də istifadə edə bilsinlər.
Bulağın önündə yeddi nov tikilib. Heyvanların rahat su içməsi üçün nəzərdə tutulan bu novlardan altısının divarlarında X əsrə aid oyma dekorativ lentlər indiyədək qorunub saxlanılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə