"Yalnız ruhun gücü ilə qalib gəlmək olar" - PSİXOLOQ FİKRİ

“İndiki zamanda dünya idman təcrübəsi göstərir ki, fiziki, texniki, nəzəri, taktiki hazırlıqlarla yanaşı, yarışlarda yüksək nəticələrə nail olmaq üçün psixoloji amil mühüm rol oynayır. Məğlub olmuş idmançının ya komandaların yarışdan sonra verdikləri müsahibələri diqqətlə təhlil etsək görərik ki, əsas fikir ondan ibarətdir ki, idmançılar psixoloji cəhətdən yarışa lazımi qaydada köklənə bilmədi. Və bu, həqiqətən belədir… İdmançının yarış zamanı öz psixikasını idarə etmək bacarığı olmadan yüksək nəticələr əldə etmək mümkün deyil”. Bu fukurləri SİA-ya açıqlamasında Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi, psixologiya üzrə fəlsəfə doktoru Yeganə Əsgərova bildirib.

Onun sözlərinə görə, yarışların psixoloji xüsusiyyətləri, yarışqabağı vəziyyətin dinamikası idmançının psixikasına böyük təsir göstərir. Aylarla, illərlə məşqlər, təlimlər prosesində yığılan bir neçə dəqiqə içində itirilir: ya yarışqabağı, ya da yarış zamanı: “Təxminən bərabər səviyyəli, bəzən isə, hətta bir-birinə bərabər olmayan idmançılar arasındakı yarışda psixi hazırlıq həlledici amilə çevrilir. Və hər bir yarış buna sübutdur. İdmançı istədiyi vaxt özünü lazımı mübarizəyə şüurlu surətdə hazırlaya bilər. İdmanda emosional oyanış termini qəbul olunmuş termindi. Emosional oyanış isə xarakterinə görə mənfi və müsbət olur. Təbii ki, müsbət emosiya insanın demək olar ki, bütün işlərində xeyir gətirir, mənfi isə mane olur. İdmanda da mənfi emosiya – qorxudur, hansı ki, yüngül həyəcanla başlayır və əzələdə gərginlik əmələ gəlir. Yüngül həyəcan yarışda normal bir haldır, amma onu aradan qaldırmağı da bacarmaq lazımdır. Çünki əzələdə gərginlik artdıqca idmançı istədiyi nəticəni əldə edə bilmir. Psixoloji sıxıntıların bir çox səbəbləri olur: keçirilən yarışın səviyyəsi, keçirildiyi yer; həddən artıq qalib olmaq istəyi və ya uduzmaq qorxusu; zaldakı azarkeşlərin səsi, idmançının şəxsi problemləri və s… İdmançı yarışa çıxanda ətraf aləmdən tamamilə ayrılmalıdır”.

İdmançılara psixoloji dəstək bir neçə mərhələdən ibarətdir:

1. Psixoloji diaqnostika

2. Psixokorreksiya və fərdi konsultasiya.

3. Yarış fəaliyyətinin psixoloji təhlili.

4. Qələbə psixologiyasını inkişaf etdirmək bacarığına aid psixoloji təlim.

“Hər bir idmançı məqsədə yönəmli olmalıdır. Hər bir uğursuzluğun, məğlubiyyətin səbəbini özündə görməlidir, daha artıq çalışmalıdır. Məğlubiyyətin səbəbini kənarda axtararaq, məsələn hakimdə: “xalımı vermədilər deyərək”, - təbii ki, o idmançı səhvlərini düzəltməyəcək. Və son olaraq onu da qeyd etmək istərdim ki, məşqçilərin öz idmançılarının psixologiyası haqqında məlumatlı olması çox vacibdir. Məşqçi idmançının psixoloji çətinliklərini aşkar edib mütləq zamanında mütəxəssisə yönləndirməyi məqsədəuyğun olar”, - deyə psixoloq Yeganə Əsgərova fikrini tamamlayıb.

Afət Tahirqızı

Bütün xəbərlər Facebook səhifəmizdə