Gənclər və İdman Nazirliyinin dəstəyi, “Vətəndaş Cəmiyyətində Debat” (DVC) İctimai Birliyinin təşkilatçılığı ilə “Yaşıl dünya üçün müzakirə platforması” çərçivəsində keçirilən “Bakı Gənclər Debat Forumu: Qış, 2024” layihəsi yekunlaşıb.
Tədbirin açılış mərasimində Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin müdiri Ramil Cabbarov, “Vətəndaş Cəmiyyətində Debat” (DVC) İctimai Birliyinin icraçı direktoru Aydan Hüseynova, debat hakimləri, müxtəlif qurumların nümayəndələri və debatçı gənclər iştirak ediblər.
SİA-nın məlumatına görə, İctimai Birlikdə bildirilib ki, mükafatlandırma mərasimində DVC İB-nin Milli Debat Proqramının rəhbəri Ərhun Baxış və Sabunçu Gənclər evinin direktoru Kamil Yaqubov çıxış edib.
“Enerji tələbatının yenilənə bilən enerji mənbələri ilə təmin edilməsinə yatırılan sərmayə bu sektorun iqtisadi səmərəliliyindən üstün tutulmalıdır” mövzusunda keçirilən Debat Forumunda 11 ali təhsil müəssisəsini təmsil edən 39 komanda, 1000-dən çox gənc - spiker, hakim, auditoriya kimi iştirak edib. Forumun final mərhələsində Azərbaycan bölməsi üzrə Bakı Dövlət Universitetinin “Əl-Qərəz” komandası və Azərbaycan Memarlıq və İnşaat Universitetinin “Gəl qaytar eşqimi” komandası, Rus bölməsi üzrə isə Azərbaycan Dövlət İqtisad Universitetinin “Alpha” və “Rublya manat” komandası qarşı-qarşıya gəlib. Azərbaycan bölməsi üzrə forumun çempion komandası “Əl-Qərəz”, Rus bölməsi üzrə isə “Rublya Manat” komandası seçilib.
Forumun hər iki bölməsi üzrə natiqliyi ilə seçilən ümumilikdə ən yaxşı 21 natiq də müəyyən olub. Azərbaycan bölməsi üzrə Debat Forumun ən yaxşı birinci natiqi Azərbaycan Memarlıq və İnşaat Universitetinin tələbəsi Ülkər Quluzadə, Rus bölməsi üzrə Bakı Dövlət Universitetinin tələbəsi Mikayıl İsmayılov olub.
“Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunan Debat Forumunun əsas məqsədi gənclər arasında natiqlik mədəniyyətinin inkişaf etdirilməsi vasitəsi ilə gənclərin ictimai məsələlərdə fəallığını artırmaq, dövlət-gənclər siyasətinin həyata keçirilməsində iştirakını təmin etmək, enerji mənbələri, onların yaratdığı iqtisadi və ekoloji təsirlərlə bağlı məlumatlılığı artırmaqdır.
“Bakı Gənclər Debat Forumu: Qış 2, 2024” layihəsinin əsasnaməsinə uyğun olaraq, oktyabr-dekabr ayları ərzində ali təhsil müəssisələrində debat klubların təqdimatları, təlimləri, görüşləri və seçim turnirləri olmaqla, ümumilikdə, 100-dən artıq fəaliyyət həyata keçirilib. Bu mərhələləri uğurla keçən komandalar əsas forumda iştirak haqqı qazanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə