Bakı Dövlət Universitetinin (BDU) Mexanika-riyaziyyat fakültəsinin Funksiyalar nəzəriyyəsi və funksional analiz kafedrasının məsləhətçi professoru, fizika-riyaziyyat elmləri doktoru Camali Məmmədxanov 86 yaşında vəfat edib. SİA-nın xəbərinə görə, bu barədə Bakı Dövlət Universitetindən məlumat verilib.

Xatırladaq ki, Camali Məmmədxanov 1938-ci ildə anadan olub. 1946-cı ildə Bakının Mərdəkan qəsəbəsində orta məktəbə gedib, 1956-cı ildə Bakı şəhər 46 saylı orta məktəbi bitirib. 1956-1961-ci illərdə Bakı Dövlət Universitetinin Fizika-riyaziyyat fakültəsində təhsil alıb. Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunda baş laborant, 1976-cı ilə qədər baş elmi işçi vəzifələrində işləyib.

O, 1964-cü ildə elmlər namizədi, 1984-cü ildə isə elmlər doktoru adını alıb. 1976-cı ildən BDU-nun Funksiyalar nəzəriyyəsi və funksional analiz kafedrasında dosent, 1985-cı ildən isə professor vəzifəsində çalışıb. 2014-cü ildən BDU-nun məsləhətçi professoru olan Camali Məmmədxanov 100-ə yaxın elmi məqalənin müəllifi idi. Onun rəhbərliyi ilə 13 elmlər namizədi, 3 elmlər doktoru yetişib.

Qeyd edək ki, Camali Məmmədxanov Şən və Hazırcavablar Klubunun prezidenti, "Bakılı oğlanlar" komandasının kapitanı, Milli Məclisin I, II və III çağırış deputatı olmuş Anar Məmmədxanovun atasıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə