Laçınlılar Həmrəylik Gününü və Yeni il bayramını qeyd edirlər

Laçında Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı silsilə tədbirlərlə qeyd olunur.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, dekabrın 29-da Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyinin təşəbbüsü, “Bakı Abadlıq Xidməti” MMC-nin dəstəyi, Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin, “Laçın Abadlıq Xidməti” ASC-nin və “Hoçazfilm” yaradıcılıq studiyasının təşkilatçılığı ilə bayram tədbiri keçirilib. Əvvəlcə Laçının balaca sakinləri üçün seyrəngahda bayram şənliyi təşkil edilib. Şaxta baba və Qar qız uşaqların sevincinə sevinc qatıb. Həmçinin balacalar üçün kreativ oyunlar, master klaslar, face-art təşkil edilib.

Bayram tədbiri günün ikinci yarısında Həkəri çayı sahilində davam etdirilib. Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin və dekabrın 25-də Bakı-Qroznı reysini yerinə yetirən AZAL-ın sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.

Çıxışlar zamanı bildirilib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və qüdrətli Azərbaycan Ordusunun gücü sayəsində Laçın azadlığına qovuşub. Görülən quruculuq işləri nəticəsində qısa müddətdə şəhərdə həyat öz axarına qayıdıb.

Qeyd edilib ki, 1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Heydər Əliyevin sədrliyi ilə keçən iclasında 31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi qeyd olunması barədə qərar qəbul edilib. Ali Məclis bununla bağlı qanunvericilik aktının qəbul olunması üçün ölkə parlamentinə - Ali Sovetə müraciət edib. Dekabrın 25-də Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurası müraciəti nəzərə alaraq, dekabrın 31-nin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan olunması barədə qanun qəbul edib.

Silsilə tədbirlər çərçivəsində "Can Laçın qış möcüzəsi" yarmarkası da açılıb. Yarmarkada laçınlı xanımların və uşaqların hazırladığı əl işləri, kənd təsərrüfatı, eləcə də arıçılıq məhsulları, milli mətbəximizin nümunələri yer alıb.

Yarmarkaya baxış keçirilib, sərgilənən məhsullar haqqında ətraflı məlumat verilib.

Daha sonra "Ay Laçın" adlı konsert təqdim olunub.

14:46

Həyatın yenidən canlandığı Laçın şəhərində artıq bayramlar və əlamətdar günlər əsl sahiblərinin iştirakı ilə qeyd edilir. Bu il də Laçında Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramları ilə əlaqədar silsilə tədbirlər keçirilir.

Tədbirlər proqramına əsasən əvvəlcə Laçının balaca sakinləri üçün seyrəngahda bayram şənliyi təşkil edilib. Şaxta baba və Qar qız uşaqların sevincinə sevinc qatıb. Həmçinin balacalar üçün kreativ oyunlar, master- klaslar, face-art təşkil edilib.

Qeyd edək ki, tədbir günün ikinci yarısında Laçın şəhərində "Can Laçın qış möcüzəsi" yarmarkası və "Ay Laçın" adlı Yeni il konserti ilə davam edəcək. Yarmarkada Laçında istehsal olunan məhsullar, milli mətbəximizi əks etdirən nümunələr yer alacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə