“Qərbi Azərbaycan: Tarixin izi ilə - intellektual oyunlar çempionatı”

Dekabrın 21-də Heydər Əliyev Mərkəzində Gənclər və İdman Nazirliyinin dəstəyi, “Regional İnkişaf” İctimai Birliyi və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycan: Tarixin İzi ilə - İntellektual Oyunlar Çempionatı” layihəsi çərçivəsində 16-29 yaşlı gənclər arasında “Nə? Harada? Nə zaman?” və “Kviz” oyunları keçirilib.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, tədbirdə çıxış edən “Regional İnkişaf” İctimai Birliyinin nümayəndəsi Murad Qasımlı layihənin məqsədi, Qərbi Azərbaycanın tarixi, coğrafiyası, mədəniyyəti, incəsənəti, ədəbiyyatı, görkəmli ictimai xadimləri və tarixi şəxsiyyətləri, toponimləri, folkloru, eləcə də Qərbi Azərbaycandan zorla çıxarılmış soydaşlarımızın doğma yurdlarına qayıtmaları istiqamətində ölkəmizin haqlı mövqeyi barədə xüsusilə gənclərin biliklərinin və məlumatlılığının artırılmasının əhəmiyyətini, bu istiqamətdə müxtəlif layihələrin həyata keçirilməsinin vacibliyini diqqətə çatdırıb.

Gənclər və İdman Nazirliyinin İctimai inkişaf sektorunun müdiri Elşən Qəhrəmanov, Qərbi Azərbaycan İcmasının Müşahidə Şurasının sədri, AMEA-nın müxbir üzvü, professor Misir Mərdanov və Qərbi Azərbaycan İcmasının Ağsaqqallar şurasının üzvü, AMEA-nın müxbir üzvü, əməkdar elm xadimi, akademik Elşad Qurbanov çıxışlarında layihənin əhəmiyyəti, Qayıdış konsepsiyasının reallaşdırılmasında gənclərin üzərilərinə düşən vəzifələr, bu sahədə dövlət tərəfindən yürüdülən siyasətin həyata keçirilməsinə hər bir vətəndaşın töhfə verməli olduğu vurğulayıb, gəncləri beynəlxalq ictimaiyyətin soydaşlarımızın ata-baba yurdlarına qayıtmaları istiqamətində ölkəmizin haqlı mövqeyi barədə düzgün məlumatlandırılmasında fəallıq göstərməyə çağırıblar.

Qarabağ problemi olunduqdan sonra Prezident İlham Əliyevin siyasətində Qərbi Azərbaycana qayıdış məsələsinin əsas siyasi istiqamətlərdən birinə çevrildiyini deyən çıxışçılar bununla bağlı ciddi işlər görüldüyünü diqqətə çatdırıblar. Bugünkü bilik yarışının da bu istiqamətdə atılan addımlardan biri olduğu vurğulanıb. Bildirilib ki, bu sahədə dövlət qurumları özünəməxsus şəkildə dəstək verməyə çalışır. Azərbaycan gəncliyinin 44 gündə Prezident İlham Əliyevin rəhbərliyi ilə qazandığı Zəfərdən danışan natiqlər gənclərin bundan sonra da fəallıqlarını davam etdirmələrinin, Qayıdış konsepsiyasının icrasında fəal iştirak etmələrinin vacibliyini vurğulayıblar.

Daha sonra “Nə? Harada? Nə zaman?” və “Kviz” oyunlarına start verilib. İlkin mərhələdə qeydiyyatdan keçmiş 30 komanda “Nə? Harada? Nə zaman?” intellektual oyununda mübarizə aparıb. Dörd turdan ibarət “Nə? Harada? Nə zaman?” intellektual oyununun sonunda münsiflər heyəti tərəfindən komandaların cavabları sayılıb. Nəticələrə əsasən, “Zəngəzur” komandası I, “Xudafərin” komandası II və “Köhnə qvardiyaçılar” komandası III yerə layiq görülüb.

Növbəti mərhələdə komandalar “Kviz” oyununda iştirak edərək 15 mövzu üzrə sualları cavablandırıb. Münsiflər heyəti tərəfindən nəticələr hesablanıb. “Zəngəzur” komandası I, “Xudafərin” komandası II və “Köhnə qvardiyaçılar” komandası III yerə sahib olub.

Sonda qalib komandalar müxtəlif mükafatlar və sertifikatlar ilə təltif edilib.

Qeyd edək ki, ötən ildən icrasına başlanılan layihənin əsas məqsədi Qərbi Azərbaycandan zorla çıxarılmış soydaşlarımızın öz doğma yurdlarına qayıtması hüququnun təmin olunmasını, insan hüquqları məsələsi və sülhsevər missiya olaraq Qərbi Azərbaycana qayıdışı xalqımızın əsas hədəflərindən biri kimi göstərməklə, bütövlükdə Azərbaycan ictimaiyyətini, xüsusən də gəncləri bu amal uğrunda səfərbər etməkdir. Gələcəkdə gənclərimizin bu məsələyə daha çox diqqət yetirmələri və ölkəmizin haqlı mövqeyini daha geniş kütləyə çatdırmaları üçün bu istiqamətdə daha çox intellektual oyunların, təhsil proqramlarının və məlumatlandırma tədbirlərinin keçirilməsi nəzərdə tutulur.

Bütün xəbərlər Facebook səhifəmizdə