Vətən fədaisi və haqqın döyüşən əsgəri

Həyatda elə adamlar olur ki, onlar təkcə öz elmi, ictimai fəaliyyəti ilə deyil, vətənpərvərliyi, yenilməz iradəsi, cəsarəti, fədakarlığı ilə Vətəninin, xalqının taleyində silinməz iz buraxırlar. Zaman keçdikcə, nəsillər bir-birini əvəz etdikcə bu şəxsiyyətlər mənsub olduğu el-obaya daha da yaxın olur, minnətdarlıqla xatırlanırlar. Filologiya elmləri doktoru, professor, Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü Abbas Zamanov məhz belə şəxsiyyətlərdən idi. XX əsr Azərbaycan ziyalı nəslinin mənəvi varisi olan alim ədəbiyyatımızın, publisistikamızın klassikləri Həsən bəy Zərdabinin, Cəlil Məmmədquluzadənin, Sabirin, Üzeyir bəyin, Əbdürrəhim bəy Haqverdiyevin, Nəriman Nərimanovun Vətən sevgisindən güc almış, mənəvi aləmi bu sənət fədailərinin parlaq təfəkkürünün nuruna boyanmışdı. Elə buna görə də Vətən sevgisi onun dilində yox, əməlində, xalqına mənəvi xidmətində özünü daha qabarıq göstərirdi.

Abbas Zamanov 1911-ci il oktyabrın 10-da Naxçıvanın Şərur rayonunun Maxta kəndində dünyaya göz açsa da həyatın bütün məşəqqətlərini, ağrı-acılarını görmüşdü. Ağlı kəsəndən görmüşdü ki, doğma Maxta kəndi tez-tez namərd qonşuların hücumlarına məruz qalır, sakinlər bu basqınlardan yaxa qurtarmaq üçün Cənubi Azərbaycana üz tuturlar. O vaxt balaca Abbasgilin ailəsi Xoy şəhərində sığınacaq tapmışdı. Hələ uşaq ikən anasını, qardaşını itirən Abbasın atası ikinci dəfə evlənir. Maddi fəlakətlə üz-üzə qalan ailənin maddi vəziyyətinə görə o, Naxçıvandakı uşaq evinə verilir. Sonralar onu Bakıdakı uşaq evinə göndərirlər... Beş il uşaq evində yaşasa da, burda da məhrumiyyətlər onu rahat buraxmır. Nəhayət əvvəl Şura və ibtidai məktəblərdə təhsil alır, sonra Hüseyn Cavidlə Abdulla Şaiqin dərs dediyi pedoqoji məktəbə daxil olur. Bakı Pedaqoji texnikumunu bitirərək rəhbər komsomol işçisi kimi çalışıb. Sonralar “Gənc işçi” qəzetində məsul redaktor müavini, “Ədəbiyyat” qəzetində məsul katib və Azərnəşrin bədii ədəbiyyat şöbəsinin müdiri vəzifələrində işləyib. Eyni zamanda bu illərdə ali təhsil almaq arzusunu da reallaşdırmağa çalışıb. Belə ki, 1939-cu ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun dil və ədəbiyyat fakültəsini qiyabi bitirərək həmin ali məktəbə müəllimliyə dəvət olunub.

Abbas Zamanov 1940-1941-ci illərdə Azərbaycan Opera Teatrının və filarmoniyasının direktoru olub. Eyni zamanda M.F.Axundov adına Opera və Balet Teatrının Təbrizə qastrol səfərinə rəhbərlik edib. İkinci dünya müharibəsi illərində ordudan tərxis olunandan sonra Azərbaycan Dövlət Universitetində baş müəllim (1948-1960), Azərbaycan EA Nizami adına Ədəbiyyat İnstitutunun elmi əməkdaşı (1960-1968), Azərbaycan EA Nizami adına Ədəbiyyat Muzeyinin direktoru (1969-1971), ADU-nun Azərbaycan Ədəbiyyatı kafedrasının müdiri (1971-1979) vəzifələrində çalışıb.

Abbas Zamanov ədəbi fəaliyyətə 1937-ci ildə müxtəlif qəzet və jurnallarda çap etdirdiyi publisist və elmi-kütləvi məqalələrlə başlayıb. Həmin vaxtdan Azərbaycanda və onun coğrafi hüdudlarından uzaqlarda XX əsr Azərbaycan ədəbiyyatına dair elmi-tədqiqat əsərləri müntəzəm dərc olunub. Belə ki, Bolqarıstan, İran, Türkiyə, İraq, Avstriya və digər ölkələrdə elmi-publisistik məqalələri çıxıb. “Sabir və müasirləri” monoqrafiyası Təbrizdə, “Cəlil Məmmədquluzadə” oçerki isə Tehranda fars dilində nəşr olunub. Böyük ədəbiyyatşünas alimin daha sonra 1943-cü ildə “İrəli” (Cəbhə qeydləri), “A.Şaiqin həyat və yaradıcılığı” (1956), “Sabir gülür” (1981), “Sabir bu gün” (1985), “Cəbhə dəftərindən” (1986), “Bu dünyadan Rəsul Rza gəlib köçüb” (2008), “Cənubdan səslər”, “Min bir mahnı” (2010) kitabları işıq üzü görüb.

1971-ci ildə Türk Dil Qrupunun müxbir üzvü, Konya və Səlcuq Universitetlərinin fəxri doktoru seçilən Abbas Zamanov mətnşünaslıq sahəsində də ciddi fəaliyyət göstərib. O, həmçinin M.Ə.Sabir, Hüseyn Cavid haqqında yazılan xatirə və məqalələri toplayıb ön sözlə “Sabir xatirələrdə” və “Cavidi xatırlarkən...” (1982) adı ilə kitabları kütləvi tirajla çap etdirib.
Yuxarıda qeyd etdiyimiz kimi Abbas Zamanov təkcə Azərbaycan ədəbi tənqidinin, ədəbiyyatşünaslıq elminin yükünü öz çiynində daşımaqla, XX əsr Azərbaycan ədəbiyyatının klassiklərinin həyat və yaradıcılığına güzgü tutmaqla işini bitmiş hesab etmirdi. O, əslində haqsızlığa cəbhə açmışdı, haqqın döyüşən əsgəri idi. Dalda danışmağı sevməzdi, sözünü həmişə üzə deyərdi.

Abbas Zamanov alovlu vətənpərvər idi. Onun haqqında yazan müəlliflər məqalələrində, xatirələrində bu yüksək mənəvi keyfiyyəti dönə-dönə qeyd etmiş və göstərmişlər ki, professor Vətən sevgisini dildə yox, əməldə sübut edirdi.
Azərbaycan ədəbi tənqidinin, ədəbiyyatşünaslıq elminin ən görkəmli nümayəndələrindən biri olan Vaqif Yusifli çox haqlı olaraq oxucular tərəfindən maraqla izlənilən “ Köhnə kişilər” silsiləsindən qələmə aldığı elmi-publisistik məqalələrinin birini məhz ustadı Abbas Zamanova həsr edib. Müəllif “Əgər Abbas Zamanov olmasaydı...” adlı məqaləsində yazır: “Abbas Zamanov - Filologiya elmləri doktoru, professor, Elmlər Akademiyasının üzvü. Azərbaycan ədəbi və elmi ictimaiyyəti onu təkcə bu titullarla xatırlamır. Heç şübhəsiz, öz elmi-ədəbi fəaliyyəti ilə Abbas Fəttah oğlu Zamanov təkcə Azərbaycanda deyil, onun sərhədlərindən kənarda da, xüsusilə Türkiyədə çox böyük hörmətə malik idi. Bu balacaboylu kişi elm üçün də, Azərbaycan ziyalı mühiti üçün də nəhəng bir şəxsiyyət idi. Ancaq Abbas Zamanovun böyüklüyü həm də onun şəxsiyyətində qabarıq nəzərə çarpan azərbaycançılığında, vətənpərvərliyində öz əksini tapırdı...”.

Ədəbiyyatşünas alim Vaqif Yusifli öz məqaləsində Abbas Zamanovun Naxçıvan məsələsi ilə bağlı 29 mart 1960-cı il tarixində Azərbaycan Elmlər Akademiyasının böyük iclas salonunda Səməd Vurğunun xatirəsinə həsr olunmuş gecədə cəsarətli çıxışının doğurduğu kəskin reaksiyasına və sonrakı təqiblərinə də xüsusi diqqət çəkir. Demə Abbas müəllim S.M.Qənizadənin haqqında material toplamaq məqsədilə əvvəl Tiflisə (Qori seminariyasının sənədlərinə baxmaq üçün), sonra isə İrəvana gedir. İrəvanda bir azərbaycanlı müəllim ona deyir ki, Naxçıvanın Ermənistana verilməsi haqqında sənəd toplayırlar. Hətta partiya bu məsələ ilə əlaqədar İrəvanda bir neçə dəfə mitinq keçirilib. Meğri Rayon Partiya Komitəsinin katibi də Ali Sovetin sessiyasındakı çıxışında deyib ki, Azərbaycan tələbimizlə razılaşmasa, Naxçıvana bir qatar da buraxmayacaqlar. Abbas müəlllim necə deyərlər, başılovlu Bakıya qayıdır və hansısa bir tribunadan bunu dilə gətirməyi, xalqa çatdırmağı özünə borc bilir.

Naxçıvan məsələsi salonda böyük əks-səda verir. İclasın sədri görkəmli alim Məmməd Arif məsələni yumşaltmaq üçün Abbas müəllimin hissə qapılmasını bildirəndə sözündən dönməyən alim yenidən səhnəyə qalxıb söylədiklərini bir daha təsdiqləyir. Nəticədə onu partiyadan və universitetdən çıxardırlar. Atalar məsəlidir, haqq nazilir, amma üzülmür. İllər sonra Abbas müəllimin məruz qaldığı repressiyaya son qoyurlar. Onun vaxtında çaldığı həyəcan siqnalı ilə Naxçıvan məsələsi də öz ədalətli həllini tapır.

Sabiq təhsil naziri Misir Mərdanov Abbas Zamanov haqqında öz xatirəsində yazır: “...Abbas müəllimi Universitetdə işlədiyim dövrdən tanıyırdım. O, Azərbaycanın çox dəyərli ziyalılarından biri idi, vaxtilə ermənilərin Naxçıvanla bağlı hiylələrinin qarşısını almaq üçün özünü oda-alova atmış insan idi. Sovet hökumətinin vaxtında o, bu məsələni qaldırmışdı. Məhz onun atdığı addım nəticəsində bu gün Naxçıvan Muxtar Respublikasında ciddi problemlər yaranmayıb. O, eyni zamanda tanınmış bir alim idi. 1960-cı illərdə ermənilərə qarşı çıxışına görə ona cəza verdilər, onu Kommunist Partiyasının üzvlüyündən və universitetdən çıxartdılar. Amma sonrakı illərdə Abbas Zamanov universitetdə və bütövlükdə Azərbaycanda böyük hörmət sahibi idi. Allah rəhmət eləsin”.

Bu, Abbas müəllimin həyatında yeganə məşəqqət ağrı-acı deyildi.Qeyd olunduğu kimi, hələ uşaqlıqdan həyat balaca Abbasın üzünə gülməmişdi. Əzizlərini vaxtından tez itirməsi hələ bir yana, uşaq evində də soyadı ilə əlaqədar problem yarandı. Demə onun əsl soyadı Mirabbas Mirfəttah oğlu Seyidzamanov imiş. Dahi şair Hüseyn Cavidin bacısı Səkinə xanım Rasizadə uşağı sonrakı təhlükələrdən qorumaq üçün soyadındakı “mir”ləri götüzdürərək onu uşaq evinə qəbul edir.

Abbas Zamanovun xeyirxahlığının, milli təəssübkeşliyinin həddi-hüdudu yox idi. O, ədəbiyyat muzeyində işləyəndə kitab mübadiləsi adı altında mühacirətdə olan Cumhuriyyət irsinin Azərbaycana gətirilməsi ilə ciddi məşğul olub. Onun Türk dünyasının tanınmış alimlərindən Əhməd Cəfəroğlu ilə məktublaşmaları maraq doğururdu. Hansı ki, o vaxt Ə.Cəfəroğlu Türkiyə mətbuatında SSRİ-ni ciddi tənqid edirdi. Azərbaycanda isə o, böhtançı kimi qələmə verilirdi. Abbas müəllim belə bir dövrdə Əhməd Cəfəroğludan M.Ə.Rəsulzadənin Nizami Gəncəvi haqqında əsərini Azərbaycana göndərməsini xahiş edirdi. O, eyni zamanda Əli bəy Hüseynzadənin oğlu Səlim Turanın rəsm əsərlərinin ölkəmizə gətirilməsini təmin etmişdi.

Onun Yaxın Şərqin mütəfəkkir sənətkarı Məmmədhüseyn Şəhriyarla yazışmalarını isə həyəcansız oxumaq mümkün deyil. 15 oktyabr 1986-cı il tarixli məktubunda ustad öz şəklini Abbas müəllimə göndərmişdi. Şəklin arxasında isə şair öz dəst-xətti ilə yazmışdı: “Badi-kubə şəhərinin hörmətli ədiblərindən professor Abbas Zamanova yadigar”. Abbas Zamanov isə cavab məktubunda yazmışdı: “Sizin mənə göndərdiyiniz bu yadigar elə böyük hədiyyədir ki, onun qiymətinin həddi-hüdudu yoxdur. Zəmanəmizin ulu şairindən belə bir hədiyyə almaq mənim üçün böyük şərəfdir. Mən fəxr edirəm ki, “Heydər babaya salam”ın müəllifi lütf edib öz müqəddəs şəklini mənə yadigar göndərmişdir... Bu müqəddəs yadigarı mən həyatım boyu qoruyub saxlayacaq, Sizi heç vaxt unutmayacağam.Mərhəmətiniz üçün sağ olun, ustad...”.

Bəli, böyük alim abbas Zamanovun bütün həyatı əsl vətənpərvərlik məktəbi idi.Nəsillər bu məktəbdən Vətənə hədsiz sevgi bəsləməyi ona bütün varlığı ilə sədaqətli olmağı öyrənəcəklər.Təbii ki, onun yetirmələri öz ustadı, övladları, nəvələri, öz ataları, babaları ilə qürur duyğusu ilə deyəcəklər: “Biz də Azərbaycan vətəndaşı kimi müqəddəs adını məhz Abbas babaımız kimi ləyaqətlə, hətta lazım olsa canı bahasına doğruldacayıq “

Prof. Abbas Zamanovun dünyasını dəyişməsindən düz 30 il keçir. Ömrü boyu erməni daşnaklarına, millətçilərinə qarşı döyüşən alim təəssüf ki, Qarabağın doğma torpağa qovuşmasını, tarixi ədalətin bərpa olunmasını, böyük zəfərin təntənəsni görmədi. Lakin onun ruhu şaddir. Şaddır ki, mzəffər Azərbaycan ordusu onun bütün varlığı ilə sevdiyi Azərbaycanın müqəddəs sərhədlərinin keşiyindədir. Lakin mənsul olduğu xalq, ab-havası ilə ərşəyə çatdığı Vətən öz böyük oğlunu unutmur. Çünki o, hələ sağlığında haqqın döyüşən əsgəri kimi tanınmışdı. İndi isə xalqın əbədiyyətə qovuşmuş böyük övladları ilə yan-yana Bakıda, Fəxri Xiyabanda uyuyur. Ruhun şad olsun, ustad! Qəbrin nursla dolsun!

Bəxtiyar Hüseynov,
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü, yazıçı-publisist

Bütün xəbərlər Facebook səhifəmizdə