Noyabrın 30-da Babək rayon Nehrəm qəsəbə 2 nömrəli tam orta məktəbində Naxçıvan Muxtar Respublikası Təhsil, həmçinin Ekologiya və Təbii Sərvətlər nazirliklərinin birgə təşkilatçılığı ilə həyata keçirilən “Yaşıl məktəb” layihəsinin yekun tədbiri keçirilib.
SİA xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, təhsil naziri Elxan Nəcəfovun da iştirak etdiyi tədbirdə ümumtəhsil məktəblərinin və məktəbdənkənar təhsil müəssisələrinin şagirdləri musiqi, rəqs nümunələri ilə çıxış ediblər. Tədbirdə dərnək üzvlərinin əl işlərindən ibarət “Tullantıdan sənətə” adlı sərgi də təşkil olunub.
Sonda tədbir iştirakçıları məktəbin ərazisinə müxtəlif meyvə tingləri əkiblər.
Qeyd edək ki, bu gün “Yaşıl məktəb” layihəsi çərçivəsində muxtar respublikanın bütün ümumtəhsil müəssisələrinin ərazilərində pedaqoji kollektivlərin, şagirdlərin, valideynlərin, ictimaiyyət nümayəndələrinin iştirakı ilə ağacəkmə aksiyaları keçirilib.
Məlumat üçün bildirək ki, cari ilin mart ayının əvvəllərindən start verilən “Yaşıl məktəb” layihəsi çərçivəsində muxtar respublikanın ümumtəhsil müəssisələrinin ərazilərində relyefə uyğun 10 min meyvə və dekorativ ağacların əkilməsi nəzərdə tutulub ki, yaz mövsümü ərzində 4 min, payız mövsümü ərzində isə 6 min ting əkini aparılıb və layihə uğurla icra olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə