“Zamanında müdaxilə etmək vacibdir” - PSİXOLOQ FİKRİ

“Uşağın böyüdüyü, sosiallaşdığı ilk mühit təbii ki, ailədir. Valieynlərin yanaşma üsulları, təlim-tərbiyəsi, uşaqla davranış şəkli zaman-zaman onun psixloji vəziyyətinin formalaşmasına təsir edən faktlardan biridir. Son zamanlar ən çox ünvanlanan sualların içərisində “Psixoloji problemi olan şəxsə ailə üzvləri necə yanaşmalıdır” və ya “Əgər valideyndə psixoloji problem varsa övladına da keçə bilərmi?” tipli suallardır. Araşdırmalar göstərir ki, insanların yetişkin vaxtı, daha irəli yaş dövrlərində yaşadığı bir çox psixoloji problemin səbəbi məhz ailəyə, uşaqlıq və yeyiyetməlik dövrünə gedib çıxır”. Bu sözləri SİA-ya açıqlamasında Amerika Beynəlxalq Nevrorequlyasiya və tədqiqatlar Dərnəyinin rəsmi Azərbaycan təmsilçisi, Psixologiya Elmi-Tədqiqat İnstitutunun elmi işçisi, Uzman-Klinik psixoloq Narınc Rüstəmova deyib.

O bildirib ki, ilk növbədə bildirmək lazımdır ki, ailə üzvlərinə şəxsin psixoloji vəziyyəti haqqında məlumat vermək gərəklidir: “Onlar problemi və hassaslıq dərəcəsini bilməlidirlər ki, daha sonra yanaşma şəkillərini və ya necə davranmaq lazımdır məlumatlansınlar. Belə olan halda ailə düzgün yanaşacaq, səhv metodlar tətbiq etməyəcəkdir. Burada ailələrin çox vaxt etdiyi yanlışlardan biri sosial şəbəkələrdən məlumat toplamaq, mənbəyi bilinməyən məlumatlara əməl etməkdir. Təbii ki, ən yaxşı üsul şəxsin psixoloqundan, psixoterapevtindən və ya psixiatrından dəqiq məlumat almaq və necə davranmaq lazım olduğunu öyrənməkdir. Hətta burada yaxşı olar ki, müəyyən müddət sonra ailə üzvləri də psixoloji müayinədən, terapiyadan keçsin. Bəzən bu hala diqqət edilmədiyinə görə ümümi vəziyyətdə, ailə daxili münasibətlərdə, şəxslər arası dialoqlarda anlaşılmazlıq və qarışıqlıq yarana bilir.

Burada digər vacib məsələ zamanında müdaxilədir. Ələxüsus ailələr yeniyetmə övladlarında problemlər, siqnal görürlərsə və ya valideyn-övlad münasibətləri normal davam etmirsə zamanında psixoloqa müraciət etmələrində fayda var. Həmçinin qeyd etmək lazımdır ki, bu dönəmlərdə valideynlər diqqətli olmalı və övladlarına təmkinlə, səbrlə yanaşmalıdır. Psixolji dəstək, psixoloqun və ailənin yardımları ilə uşaqlar, yeniyetmələr bir müddət sonra onları narahat edən hallardan azad ola, qurtula bilərlər”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə