Xəzər rayonunda Zəfər Günü münasibətilə tədbir keçirilib

Xəzər rayonunda Milli Məclisin Mədəniyyət komitəsinin, Xəzər Rayon İcra Hakimiyyətinin və YAP Xəzər rayon təşkilatının birgə təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Günü münasibətilə ümumrayon tədbiri keçirilib.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizədə canlarını qurban verən şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanan tədbirdə daha sonra Dövlət Himni səsləndirilib.

Sonra şanlı Zəfərimizə, tarixi Qələbəmizə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Tədbirdə giriş sözü ilə çıxış edən icra hakimiyyətinin başçısı Elşən Salahov Zəfər Günü ilə bağlı tədbir iştirakçılarını təbrik edərək 44 günlük Vətən müharibəsinin Azərbaycanın tarixinə qızıl hərflərlə əbədi yazıldığını, bu qələbənin Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, siyasi iradəsi, yenilməz ordumuzun şücaəti, qəhrəmanlığı, qorxmaz, cəsur əsgərlərimizin canı, qanı bahasına, xalqımızın birliyi hesabına qazanıldığını qeyd edib.

Tədbirdə çıxış edən YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, Milli Məclisin Mədəniyyət komitəsinin sədr müavini Günay Əfəndiyeva və deputat Gülşən Paşayeva “Dəmir yumruq” əməliyyatı ilə keçirilən İkinci Qarabağ müharibəsinin Azərbaycan tarixinə şanlı səhifələr yazdığını, Azərbaycan dövlətinin Vətən müharibəsində bütün bəşəriyyətə səs salaraq öz gücünü göstərdiyini, Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əbədiyyət ömrünün bütün nəsillərə örnək olduğunu qeyd ediblər.

Daha sonra çıxış edən şəhid Elçin Mansurovun anası Məleykə Məcidova şəhid ailələrinə və qazilərə dövlət tərəfindən göstərilən diqqət və qayğıya görə Prezident, Ali Baş Komandanı İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildirib.

Tədbir bədii hissə ilə davam edib.

Bütün xəbərlər Facebook səhifəmizdə