DİQQƏT: COP29 ərəfəsində metro qatarları bu qaydada işləyəcək - QURUM RƏSMİSİ AÇIQLADI
“COP29 Əməliyyat Şirkətinin müraciətinə əsasən, noyabrın 11-13-də Bakı metropoliteninin stansiyaları səhər saat 05:00-dan sərnişinlərin girişinə açıq olacaq”. SİA xəbər verir ki, bu sözləri COP29-la bağlı brifinq zamanı Bakı Metropoliteni QSC-nin sədr müavini Hidayət Məmmədov deyib.
H.Məmmədov bildirib ki, həmin günlər ölkəmizdə qeyri-iş günü elan edilsə də, metropolitendə qatarların hərəkət qrafiki adi iş günlərinə uyğun qurulacaq: “Qeyd edilən 3 gün ərzində Qırmızı xəttin “Həzi Aslanov-28 May” sahəsində qatarların hərəkəti səhər saatlarında 07:00-dan 10:00-dək, axşam saatlarında isə 17:30-dan 19:30-a qədər 2 dəqiqə təşkil edəcək.
İstirahət günlərində qatarlar arasında interval fərqli qaydada tənzimlənəcək. Belə ki, saat 7:00-dan 21:00-a qədər olmaqla, şənbə günləri 2,5 dəqiqə, bazar günləri isə eyni saatlarda 3 dəqiqə təşkil edəcək. COP29-un keçiriləcəyi digər günlər ərzində Bakı metropolitenində qatarların hərəkəti ənənəvi payız-qış qrafikinə uyğun tənzimlənəcək”.
Qeyd edək ki, Bakı metropolitenindən istifadə, gediş haqqının ödənilməsi və digər qaydalar barədə maarifləndirmə işini qurmaq məqsədilə 10 metropoliten stansiyasında COP29 Əməliyyat Şirkətinin təşkil etdiyi könüllülər hərəkatının üzvləri növbəli rejimdə fəaliyyət göstərəcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə