Noyabrın 2-də Naxçıvan şəhərindəki Gənclik Mərkəzində 8 Noyabr – Zəfər Gününə həsr olunmuş gənclər və böyüklər arasında bodibildinq üzrə muxtar respublika birinciliyi keçirilib. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə “Turan” Fitnes Klubunun birgə təşkil etdiyi yarışa 26 idmançı qatılıb.
SİA-nın əldə etdiyi məlumata görə, Nazirliyin mətbuat xidmətindən Naxçıvan bürosuna bildirilib ki, tədbirin əvvəlində Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb.
Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri səlahiyyətlərinin icraçısı, nazir müavini Məcid Seyidov 44 günlük Vətən müharibəsindən söz açıb, Ali Baş Komandan, Prezident İlham Əliyevin liderliyində Ordumuzun qazandığı möhtəşəm Zəfərin 4-cü ildönümünə hər kəsin böyük qürur və fəxarət hissi ilə hazırlaşdığını vurğulayıb, təmsil etdiyi qurum tərəfindən bu münasibətlə silsilə tədbirlərin davam edəcəyini diqqətə çatdırıb.
Vətən uğrunda canından keçmiş şəhidlərimizə rəhmət, qazilərimizə şəfa diləyən Məcid Seyidov qeyd edib ki, bu cür yarışların keçirilməsində əsas məqsəd idmançıların vətənpərvərlik hissini yüksəltmək, onlarla birgə Böyük Zəfəri bayram etməkdir.
Birinciliyin reqlamentinə əsasən 165, 170, 175, 180 santimetr boy kateqoriyalarında mens fizik üzrə çıxışlar izlənilib. İdmançıların çıxışı Əməkdar məşqçi Şəfi Hüseynov, “Turan” Fitnes Klubunun rəhbəri, bodibildinq üzrə mütləq Azərbaycan çempionu Həsənqulu Abdullayev və “Gym Gong” fitnes zalının rəhbəri Orxan Səfərovdan ibarət münsiflər heyəti tərəfindən qiymətləndirilib.
İlk üç yerin sahiblərinə diplom, medal və kuboklar təqdim edilib.
Nəticələrə əsasən Lazım Məmmədov (“Dəmir yumruq”) 165 santimetr, Rəsul Ağamalıyev (Gym Gong) 170 santimetr, Özgür Heydərli (“Turan”) və Ruslan Rüstəmzadə (Gym Gong) 180 santimetr boy kateqoriyaları üzrə birinci olublar. Yarışın mütləq qalibi adına Rəsul Ağamalıyev layiq görülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə