COP29 çərçivəsində dəmir yollarında yeniliklər tətbiq olunur

ADY-nin bütün strukturları 1 noyabr tarixindən etibarən, Bakıda keçiriləcək COP29 Qlobal İqlim Konfransına hazırlıq çərçivəsində gücləndirilmiş iş rejiminə keçib. Belə ki, stansiya və vağzallarda xidmət göstərən əməkdaşların sayı artırılaraq əlavə işçi qüvvəsi cəlb edilib.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, sərnişinlərlə birbaşa ünsiyyətdə olan 300-dən çox əməkdaş COP29 zamanı yüksək keyfiyyətli xidmət göstərmək üçün müştəri xidmətlərinə dair və ingilis dili üzrə təlimlərdə, həmçinin ətraf mühitin mühafizəsi mövzusunda seminarlarda iştirak edib.

Həmçinin sərnişinlər üçün COP29 tədbiri haqqında məlumatlılığın artırılması, həmçinin səyahət təcrübəsinin təkmilləşdirilməsi məqsədilə Abşeron dairəvi dəmir yolu marşrutu üzrə hərəkət-naviqasiya sistemləri, o cümlədən işarələr, monitorlar və s. quraşdırılıb. Eyni zamanda, Bakı Dəmiryol Vağzalı və Koroğlu dayanacağında mövcud turniket zallarının sahəsi genişləndirilərək keçid turniketlərinin sayı artırılıb, yeni monitorlar quraşdırılıb.

Belə ki, Bakı Dəmiryol Vağzalında mövcud turniket sayı 28-dən 36-ya çatdırılıb. Hazırda bu vağzaldan gün ərzində 30 minədək sərnişin istifadə edir. Ötən il bu Bakı Dəmiryol Vağzalından istifadə edən sərnişinlərin sayı 5 milyon nəfərə yaxın olub. 2024-cü ilin on ayında isə bu rəqəm 4 milyon yarıma çatıb. Bu vağzalda keçid turniketlərinin sayının artırılması ilə bu günə kimi 1 dəqiqədə maksimum 750 nəfər keçə bilirdisə, hazırda 36 turniketlə bu rəqəm 1000-ə çatdırılıb.

Koroğlu dayanacağında görülmüş işlər nəticəsində isə Bakı-Pirşağı-Sumqayıt istiqamətində mövcud turniket zalı 6 metr uzunluğunda genişləndirilib. Həmçinin 6 ədəd yeni keçid turniketinin quraşdırılması ilə turniketlərin sayı 4-dən 10-a çatdırılıb. Keçid truniketlərinin sayının artırılması ilə dayanacaqda indiyə qədər 1 dəqiqədə maksimum 108 nəfər keçə bilirdisə, hazırda 10 turniketlə bu rəqəm 270 nəfərə yüksəlib.

Qeyd edək ki, 2019-cu ildə istifadəyə verilmiş Koroğlu dayanacağından gün ərzində 5000 nəfərə yaxın sərnişin istifadə edir. 2023-cü ildə bu dayanacaqdan istifadə edən sərnişinlərin sayı 800 min nəfərə yaxın olub. 2024-cü ilin on ayında bu rəqəm 773 mini ötüb.

Bakı və Sumqayıt vağzallarında görmə məhdudiyyətli sərnişinlərin hərəkətini asanlaşdırmaq üçün taktil döşəmələr yenilənib. Fiziki məhdudiyyətli sərnişinlərin rahat hərəkətini təmin etmək üçün Bakı Dəmiryol Vağzalındakı liftə texniki baxış keçirilib. Bütün stansiya və vağzallarda panduslar yoxlanılıb və Biləcəri stansiyasında əlavə pandus quraşdırılıb. Həmçinin Gəncə və Qəbələ vağzallarında təmir-bərpa işləri həyata keçirilib. Bakı və Sumqayıt vağzallarında fəaliyyət göstərən tibb məntəqələrində gücləndirilmiş iş rejiminin tətbiqinə başlanıb.

Bakı və Sumqayıt vağzallarında, eləcə də Koroğlu və Pirşağı stansiyalarında kəsintisiz internet bağlantısı təmin edən pulsuz “Wi-Fi” zonalarında internetin keyfiyyəti təkmilləşdirilib. Bununla yanaşı, qatarlarda yenicə istifadəyə verilmiş pulsuz internet xidmətinin keyfiyyətinə müntəzəm nəzarət təşkil edilir.

Eyni zamanda, sərnişin daşımaları üçün istifadə edilən qatarların monitorları COP29 mövzusuna uyğun vizual materiallarla brendləşdirilib, qatarlarda əsaslı kimyəvi təmizləmə işləri həyata keçirilib. Sərnişinlərin mənzilbaşına vaxtında və təhlükəsiz çatdırılması üçün rezerv qatarlar ayrılıb.

Daşımaların təhlükəsiz və vaxtında təşkili üçün mühafizə xidməti gücləndirilmiş iş rejimində çalışır. Qatarlarda və platformalarda mühafizə əməkdaşlarının sayı artırılıb. Stansiya və vağzallarda, həmçinin digər infrastruktur obyektlərində ADY-nin Mühafizə departamentinin və Daxili İşlər Nazirliyinin Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin əməkdaşlarının iştirakı ilə günboyu mühafizə xidməti aparılır. Bakı Dəmiryol Vağzalında yerləşən situasiya mərkəzinin fəaliyyəti təkmilləşdirilərək sərnişinlər, qatarlar, vağzal və stansiyaların təhlükəsizliyinə fasiləsiz nəzarət edilir.

COP29 tədbirlərinə hazırlıqlar çərçivəsində yükdaşıma xidməti də gücləndirilmiş iş rejiminə keçib. Yükdaşımalara aid sahə, stansiya, dispetçer məntəqələri, lokomotivlərin və vaqonların istismarı depolarında müntəzəm monitorinqlər aparılır. Yük qatarlarının hərəkətinin qrafikə uyğun tənzimlənməsinə daimi nəzarət aparılır. Yükdaşımaların təhlükəsiz, vaxtında və səmərəli təşkili, yük qatarlarının reqlamentlərə uyğun istismarı üçün sahəvi əməkdaşlara əlavə təlimlər və texniki məşğələlər keçirilir.

Yükdaşıma və sərnişindaşıma xidmətlərinin fasiləsizliyini təmin etmək üçün infrastruktura əsaslı baxış keçirilir, profilaktik tədbirlər görülür. Dəmir yollarının müntəzəm diaqnostikası aparılır.

COP29 tədbirinə hazırlıqların davamı kimi dəmir yollarının ətrafı və yaxın ərazilər tullantılardan təmizlənib, tullantılar çeşidlənərək aidiyyəti üzrə təhvil verilib. Yaşıllaşdırma işləri çərçivəsində dəmir yolları ətrafında yeni ağac zolaqları salınıb.

Sərnişindaşıma və yükdaşıma xidmətlərinin təkmilləşdirilməsi ilə paralel olaraq dəmiryol muzeyində də COP29 iqlim sammitinə hazırlıq üçün tədbirlər görülüb. Muzeyə 3 dildə danışan bələdçilər cəlb edilib. Xarici qonaqlar üçün məlumat əlçatanlığını təmin etmək üçün 60-a yaxın eskponat haqqında məlumatların QR kod vasitəsilə əldə edilməsi təmin edilib. Muzeyin daxili konstruksiyası yenilənib, “zaman qatarı” guşəsi hazırlanıb, həmçinin yenilənmiş kino zalda bir neçə dildə dəmir yolları haqqında sənədli filmlərin nümayişinə başlanıb.

“Ammendorf” model qatarından hazırlanmış “zaman qatarı“ eksponatı muzey ziyarətçilərinə fərqli səhnələr və mənzərələr boyunca virtual səfər etmək fürsəti təqdim edir.

Bütün xəbərlər Facebook səhifəmizdə