"Gənc qızların təhsilinə dəstək" layihəsinin məqsədi nədir? - MÜNASİBƏT BİLDİRİLDİ
"Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən ölkəmizin gələcək inkişafı naminə gənclərin bərabər imkanlar çərçivəsində təhsil almasının vacib olmasını nəzərə alaraq 2021-ci ildən başlayaraq Hacı Zeynalabdin Tağıyev tərəfindən yaradılan “Qızlar Məktəbi”nin 120 illik yubileyi və 11 oktyabr Beynəlxalq Qızlar Günü münasibəti ilə “Gənc Qızların Təhsilinə Dəstək” Kampaniyasına start verilmişdir". Bu sözləri SİA-ya açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Qadın və gender məsələləri şöbəsinin aparıcı məsləhətçisi Xumar İlqarqızı deyib.
O bildirib ki, 2023-cü ildən etibarən Kampaniya daha geniş vüsət alaraq “Gənc Qızların Təhsilinə Dəstək” layihəsi kimi davam edir: "Layihənin məqsədi:
• cəmiyyətin diqqətini qızların təhsilinə cəlb etmək;
• xüsusilə də onların müasir təhsil imkanlarından faydalanmasına dəstək olmaqdır.
Layihəyə qızlar 3 kriteriyaya əsasən seçilir:
- aztəminatlı ailələrdən və həssas qrupdan olan;
- ali təhsil müəssisələrinə qəbul imtahanlarında yüksək bal toplayan;
- regionlardan olan qızlar.
Kampaniya 2022-ci ildə Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsilin İnkişafı Fondunun birgə əməkdaşlığı ilə davam etmişdir.
Layihənin davamlılığının təmin etmək məqsədilə AR Elm və Təhsil Nazirliyi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi arasında “Gənc Qızların Təhsilinə Dəstək Kampaniyası” layihəsinin birgə icrası ilə bağlı niyyət protokolu imzalanmışdır.
2023-cü ildə Təhsilin İnkişafı Fondunun təşkilatçılığı ilə, Elm və Təhsil Nazirliyinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşlığı çərçivəsində Beynəlxalq Qadınlar Gününə həsr edilmiş “Qızların təhsilinə dəstək” mövzusunda keçirilən Konfransda layihə çərçivəsində “Hənifə Məlikova – Zərdabi adına qızların təhsilinə dəstək” təqaüd proqramı təsis olunmuşdur.
Layihənin davam etdiyi 4 il ərzində ümumilikdə respublikanın 58 rayonu üzrə 144 nəfər qız layihəyə cəlb olunmuşdur. (2021-ci ildə 14 nəfər, 2022-ci ildə 25 nəfər, 2023-cü ildə 55 nəfər, 2024-cü ildə 50 nəfər seçilmişdir).
Ölkənin müxtəlif regionlarından layihəyə seçilənlər arasında Ağdam, Füzuli, Masallı, Zaqatala və Bərdə rayonlarından qızların təmsilçiliyi daha yüksək olmuşdur.
Layihəyə seçilən qızlar arasında qeyri-ənənəvi ixtisaslara qəbul olanlar az deyil. Bu ixtisaslar (fakültələr) sırasında kimya mühəndisliyi, informasiya texnologiyaları, aerokosmik, informasiya təhlükəsizliyi, təbiət elmləri və mühəndislik, kompüter elmləri, geologiya və geofizika yer alır.
Layihədə həmçinin şəhid övladı olan tələbə qızlara da dəstək göstərilmişdir. Ümumilikdə layihə keçirilən müddətdə 37 nəfər tələbə qız 600-dən çox və 1 nəfər 700 bal(2024-cü ildə) toplamışdır.
İlk dəfə olaraq layihə çərçivəsində bu il 2 nəfər Qarabağ Universitetinə və 1 nəfər Türkiyə-Azərbaycan Universitetinə yüksək balla daxil olmuşdur".
Bütün xəbərlər Facebook səhifəmizdə