Hansı hallarda süd bacı-qardaşlığı yaranır? - DİN XADİMİ İZAH ETDİ

"İslam qanunlarına əsasən insanlar arasında məhrəmlik üç formada yaranır". Bu sözləri SİA-ya açıqlamasında Təzə Pir məscidinin axundu Mircəfər Əyyubov deyib.

O bildirib ki, bunlardan biri genetik məhrəmlikdir, yəni bir qız atasına qanı eyni olduğu üçün məhrəmdir, bacı qardaşa eyni qandan olduqları üçün məhrəmdir. Ana oğula eyni qandan olduğu üçün məhrəmdir.

İkinci formada məhrəmlik qohumluq, nikah əlaqəsi ilə yaranır. Oğlan aldığı qıza kəbin kəsdirdiyi üçün məhrəm olur. Qaynana kürəkənə qızının əri olduğu üçün məhrəm olur, gəlin qaynataya ərinin atasıdır deyə, məhrəm olur.

Üçüncü növ məhrəmlik isə süd vasitəsilə olur. Bir oğlan uşağının anası başqa bir xanımın qızına süd verirsə, həmin oğlanla həmin qız süd bacı-qardaşı sayılır. Amma bu onların digər bacı-qardaşlarına aid deyil, yalnız eyni südü içmiş bacı-qardaş sayılır. Onun da şərtləri var. Şərtlərindən biri budur ki, uşaq 24 saat o ananın südü ilə qidalanmış olsun, ya da yalnız bu ananın südü ilə qidalanmasa da, 15 gün o ananın südünü içmiş olsun. Bu şəkildə süd bacı-qardaşlığı yaranır".

Onun sözlərinə görə, bunlardan başqa İslama görə məhrəmlik qanunu yoxdur: "Bir nəfər başqa birinə böyrəyini, ürəyini bağışlasa, ona məhrəm olmur. Aralarında heç bir yaxınlıq yaranmır. Yaxud da, kimsə bir uşağı körpəliyindən saxlayır, uşaq ona məhrəm olmur. İslam tarixində bu məsələni anlatmaq üçün Rəsulullaha Allah çox böyük tapşırıq verdi. Belə ki, Peyğəmbər Zeyd adlı bir oğlanı oğulluğa götürmüşdü. Zeyd böyüdü, Zeynəb adlı bir xanımla evləndi. Zeynəblə əlaqələri alınmadı və onlar boşandılar. Allah-təala Peyğəmbərə buyurdu ki, o Zeynəbi evinə gətirməsən belə, onunla nikaha gir ki, insanlar başa düşsünlər, bir nəfər bir uşağı götürüb illərlə saxlasa belə məhrəm olmur: "Zeyd sənin oğlun, qardaşın, kürəkənin deyil. Sadəcə saxlamısan. Zeydin boşadığı xanımı almaq sənə halaldır". İslam dininə əsasən qaynata öz oğlunun arvadını oğul arvadını boşasa belə, ala bilməz. Qaynana-kürəkən, qaynata-gəlin arasında əbədi məhrəmlik yaranır. Məhrəmliyi Allah təyin edir. O cümlədən, orqan bağışlamaq, qanı qana qatmaqla heç bir dini məsuliyyət, mənəvi bağ yaranmır. Sadəcə dostluq yarana bilər".

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə