Marşrut xətləri üzrə gecikmələr nə zaman həll olunacaq? - QURUMDAN MÜNASİBƏT BİLDİRİLDİ

Bakıda hər gün marşrut xətləri üzrə gecikmələr az qala bir ənənəyə çevrilib. Elə bir istiqamət yoxdur ki, ora işləyən avtobuslar gecikmə ilə hərəkət etməsin. Müşahidələr göstərir ki, günü-gündən müxtəlif marşrut xətləri üzrə hərəkət edən avtobusların sayı azalır, nəticədə də gecikmələr baş verir, sərnişinlər bəzən 40-45 dəqiqə, 1 saat dayanacaqda dayanıb avtobus gözləyirlər. İşə gediş və çıxış saatlarında gecikmə olan kimi dayanacaqda adam çoxalır və avtobus gəldikdə də minmək mümkün olmur. Avtobus sayını çoxaltmaq əlac ola bilər? SİA- nın məlumatına görə, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat xidmətinin rəhbəri Tural Orucov bildirib ki, Vahid Dispetçer Mərkəzi tərəfindən real vaxt rejimində təqdim edilən informasiyalara, eləcə də ərazidə aparılan monitorinqlərə əsasən avtobusların hərəkət qrafiklərinin pozulması hallarının artmasının əsas səbəbi sıxlıq bəzi yollarda müşahidə edilən sıxlıqdır: "Mövcud vəziyyət qrafikdən yayınma deyil, tıxac səbəbindən qrafikin pozulmasıdır.

Bunun qarşısının alınması üçün həll yolu kimi müasir şəhər mobilliyi prinsiplərinin tətbiqidir. Hazırda xüsusi avtobus zolaqlarının bütün marşrut şəbəkəsi boyunca təşkili istiqamətində iş aparılır.

Hazırda paytaxtın 31 küçə və prospektlərində uzunluğu 89 km xüsusi hərəkət zolağı təşkil edilib. Bu işlər davam etdirilir. Zolaqların təşkili avtobusların fasiləsiz və intensiv hərəkətinin təminatıdır. Avtobus zolaqlarının davamlılığının təmin edilməsi, həmçinin yaşayış məntəqələri və mühüm nəqliyyat dəhlizlərini əhatə edən zəncirvari şəbəkənin qurulması məqsədilə bu işlər digər küçə və prospektlərdə də həyata keçiriləcək.

Qeyd edək ki, avtobus parkının yenilənməsi və genişləndirilməsi istiqamətində də işlər aparılır. Son bir ildə yalnız Bakı şəhərində 200-dən çox avtobusun istismara verilməsi təmin edilib. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən tədris mövsümünün başlaması ilə əlaqədar sərnişindaşıma imkanlarının yaxşılaşdırılması üçün xətlərə buraxılan avtobusların sayı artırılıb".

O bildirib ki, 2022-ci ilin sentyabr ayında Bakı şəhəri üzrə sərnişindaşımada 1780 avtobus istismar edilirdisə, 2023-cü ildə bu say 2011-ə çatdırılıb: "Bu ilin müvafiq dövründə daha 170 avtobus marşrut xətlərinə cəlb edilib. 160 yeni elektrik avtobusunun da alınaraq sərnişinlərin xidmətinə verilməsi ilə bu say 2341-ə çatdırılacaq. Hədəf isə sərnişinlərə xidmət göstərəcək avtobusların sayının 2500-ə çatdırılmasıdır".

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə