“Şəhərləşmə mədəniyyəti Azərbaycan cəmiyyətinə yaddır” - FİKİR BİLDİRİLDİ

“Payız girər-girməz Azərbaycanda, o cümlədən də Bakıda problemlər üst-üstə gəlir. Yağıntısız keçən 2 ay müddətdən sonra Bakıya şiddətli yağış yağır. İllərdir şəhər təsərrüfatına on minlərlə pul ayrılır, yüzlərlə insan çalışır. Amma yenə də Bakı şəhəri güclü yağışa tab gətirə bilmir. Bu problem illərdir davam edir və ekspertlərin fikirləri nəzərə alınmır”. Bu sözləri SİA-ya açıqlamasında sosioloq Aydın Xan Əbilov deyib.

O bildirib ki, şəhərin bir çox yerində COP29-la bağlı yolların yenidənqurulması gedir: “Amma yolların kənarında yağış kollektoru yoxdur. Bunun nəticəsi isə göz qabağındadır, yağış yağan kimi bir çox yerlərdə gölməçələr yaranır. Dünyanın aparıcı ölkələrinin təcrübələrindən yararlanmaq lazımdır. Çox yağış yağan Moskva, İstanbul kimi şəhərlərə də çox yağış yağır, amma həmin ərazilərdə bu cür problemlər olmur. Bakıda isə demək olar ki, bütün ərazilərdə yağış yağan kimi həyat dayanır. Bu məsələdə ən ciddi problem müxtəlif məsələlərlə fərqli qurumların məşğul olmasıdır. Əslində isə onların hamısı bir qurum daxilində fəaliyyət göstərərsə, problemlərin daha operativ həllini həyata keçirmək mümkün olar. Eyni zamanda bu məsələdə əhalinin də üzərinə məhsuliyyət düşür. Belə ki, şəhərləşmə mədəniyyəti Azərbaycan cəmiyyətinə yaddır. İnsanların zibilləri yerə atması yağış yağan zaman kollektorların fəaliyyətini çətinləşdirir. Bu problemlərin həlli isə maarifləndirmə və inzibati cəzalandırmadan keçir. Həmçinin sözügedən problemlərin həlli üçün aidiyyatı qurumların birləşdirilməsi və özəlləşdirilməsi daha məntiqlidir. Belə olan halda öz işlərinə də daha ciddi yanaşar, problemlərin həllində cəmiyyətə kömək etmiş olarlar”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə