Uşaqda telefon asılılığı varsa, valideyn nə etməli? - PSİXOLOQ İZAH ETDİ

"Valideyn-uşaq ünsiyyəti uşağın inkişafında çox vacibdir". Bu sözləri SİA-ya açıqlamasında psixoloq Vüsalə Əmiraslanova deyib.

O bildirib ki, ünsiyyət uşaqların həm psixoloji inkişafına, həm bioloji inkişafına təsir edir: "Ümumiyyətlə, valideyn övladı ilə ünsiyyətdə olarkən onun haqqında daha çox məlumat bilir, onun problemlərini daha çox hiss edir, həll etməyə çalışır. Valideyn övladı haqqında daha çox məlumata malik olur.

İndiki zamanda bu münasibətlər tam yerində deyil. Çünki hər iki valideyn işləyir, uşaq daha çox nənə-babanın, yaxud da, dayənin himayəsində qalır. Uşaqlar bütün günü dərslərdə, hazırlıqlarda olduqlarına görə valideynləri ilə az zaman keçirirlər. O zaman da artıq valideynlər öz problemlərini həll edir, uşaqlar da telefon, planşetlərində vaxt keçirirlər. Hətta sonradan valideynlər uşaqları cəlb etməyə çalışsalar belə, artıq alınmır. Çünki onların ehtiyacı olan vaxtda valideyn onlarla ünsiyyət qura bilmədiyi üçün uşaqlar ünsiyyəti başqa yerdə axtarıb tapırlar. Başqa yerdə uşaqlar üçün çox rahat olur.

Telefon vaxt keçirmək üçün həm bəhanədir, həm də yox. Bəhanədir ona görə ki, əslində valideynlərin də bəzən problemləri orada həll olunur. Bəzən işlə əlaqədar, bəzən münasibətlərlə bağlı ola bilər, işləyən insandır, axşam evə gəlir, müəyyən problem, dostluq əlaqələrini möhkəmləndirməyə çalışır. Əlbəttə ki, telefon olmayanda da az zaman ayıran valideynlər olduğuna görə biz buna tam bəhanə də deyə bilmirik. Düşünürəm ki, analar öz zamanlarını elə bölməlidirlər ki, övladlarına ayırdıqları vaxtda telefonla məşğul olmasınlar".

"Telefonla valideyn-övlad arasında münasibətləri tənzimləmək olar. Məsələn, gün ərzində bir-biri ilə əlaqə qura bilərlər. Müəyyən oyunlar var ki, onlar həm valideyn, həm də uşaq tərəfindən oynanıla bilir, intellektual oyunlar var, onlardan istifadə edə bilərlər. Uzaq olanda görüntülü olaraq müzakirə apara bilərlər. Bu, ünsiyyət üçün də istifadə oluna bilər. Amma yan-yana olanda telefona ehtiyac yoxdur" - deyə o, əlavə edib.

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə