Göz nurunu Vətənə qurban verən kəşfiyyatçının 30 illiyi qeyd olunub

O, 1994-cü il oktyabrın 14-də Xızıda dünyaya göz açıb, 2020-ci ilin həmin günü Suqovuşanda Xüsusi Təyinatlı Qüvvələrin tərkibində torpaqlarımızın işğaldan azad olunması uğrunda döyüşlərdə kəşfiyyat tapşırığını yerinə yetirərkən düşmən mərmisinə tuş gələrək gözlərini itirib. Dünyaya gəldiyi gün göz nurunu itirən Kamran Baxşizadə “Cəsur döyüşçü”, “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.

SİA xəbər verir ki, Xızı rayon Heydər Əliyev Mərkəzində Vətən müharibəsi qazisi Kamran Baxşizadənin 30 illiyi münasibətilə keçirilən tədbirdə cəsur kəşfiyyatçının şərəfli döyüş yolundan və vətənpərvərlik nümunəsindən bəhs olunub.

Abşeron-Xızı regional Mədəniyyət İdarəsinin Xızı rayon üzrə nümayəndəsi Mövsüm Bağırov, YAP Xızı rayon Təşkilatının sədr müavini Ümman Rüstəmli, Gözdən Əlillər Cəmiyyətinin prezidenti Səmyar Abdullayev və başqaları Kamran Baxşizadənin həyatı və çətin döyüş yolu barədə danışıblar. Qeyd olunub ki, çətin döyüş tapşırığını yerinə yetirərkən ağır yaralanaraq son dərəcə xoş təsadüf nəticəsində yenidən həyata qayıdıb.

Cəsur kəşfiyyatçının göstərdiyi şücaət və qəhrəmanlıqdan bəhs edən qısametrajlı “Gözümün nuru Vətən” adlı film nümayiş olunub.

Döyüşçünün anası Rəhimə Baxşizadə oğluna göstərilən xüsusi diqqət və qayğıya görə təşəkkürünü bildirib.

Yubiley tədbirinin yekununda fəxri fərmanlar təqdim edilib, şirniyyat süfrəsi açılıb, vətənpərvərlik və qəhrəmanlıq ruhunda mahnılar ifa olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə