Məktəblilər arasında zorakılığa, aqressiyaya məruzqalma halları hələ də günümüzün aktual problemlərindədir. Bullinq adlandırılan bu hal məktəblilərin bir-birinə mənəvi və fiziki üsulla təzyiq göstərməsi ilə müşahidə olunur. Uşaqların həmyaşıdlarına qarşı düşmənçilik münasibəti, onların üzərində güc tətbiq etmələri bullinq qurbanında özlərini müdafiə etməkdə çətinliyə, özgüvən əskikliyinə, təkliyə meyilli olmağa, yad insanlar tərəfindən asanlıqla aldadılmağa səbəb olur.
SİA mövzu ilə bağlı araşdırma aparıb.

Bəs bullinqin qaynağı nədir? Bullinqlə mübarizə istiqamətində hansı addımlar atılır? Tədqiqatlar göstərir ki, bullinqi tətbiq edən, bullinq göstərən şəxslər fiziki cəhətdən üstünlüyə, güclü bədən formasına sahib olanlardır. Bullinqin qurbanları isə daha çox zəif, emosional, daim depressiv olanlar, ünsiyyətdə zəif olan uşaqlardır. Onlar qurban rolunda olurlar. Bullinq törədənlər adətən özlərinə diqqət çəkməyi sevən, dominantlığa meyilli insanlar olur. Ona görə də özlərinə zəif bənd seçirlər. Onun üçün də sinif daxilində hansı uşağa bullinq tətbiq etməklə bağlı əvvəlcədən müşahidə aparırlar.
Çox zaman uşaqlar arasında baş verən konfliktlər böyüklər tərəfindən biganəliklə qarşılanır. Məktəb rəhbərliyi və ya valideynlər bu kimi konfliktlərin ciddi olmadığını, uşaqların bunları yaşayaraq böyüdüklərini və problemlərini özləri həll edə bilməyi beləcə öyrəndiklərini düşünərək müdaxilə etməyin mənasız olduğunu hesab edirlər. Bəs əslində nələr baş verir, bu kimi hallar necə xarakterizə olunmalıdır? Bullinq üzündən qapalı həyat tərzi keçirən, heç kimə qaynayıb-qarışmayan, dərslərində geriləyən və intihar edən uşaqların hekayələri məsələnin əslində nə qədər ciddi olduğunu göstərmirmi?
Azərbaycanda bullinq haqqında ilk dəfə sosial mediada aktiv müzakirələrin başlanmasına 13 yaşlı Elina Hacıyevanın məktəbdə üzləşdiyi bullinq nəticəsində aprelin 4-ü 2019-cu ildə oxuduğu 162 nömrəli məktəbdə sarsıdıcı intiharı səbəb oldu. Buna qədər Elina üzləşdiyi bullinq halları ilə bağlı müəllim və valideynlərini məlumatlandırmasına baxmayaraq bu halın müsbətə doğru dəyişməsi üçün məktəb rəhbərliyinin heç bir addım atmadığı məlum oldu. Hətta məktəb rəhbərliyi yaralanmış şagird üçün vaxtında tibbi yardım çağrılmasını məqsədli şəkildə yubatmış və şagirdin ölümündən sonra valideynlərini onu yaxşı tərbiyə etməməkdə günahlandırmışdı. Hadisənin təfərrüatları üzə çıxarkən Elinanın məktəbdə bullinqin mənəvi, fiziki, homofob növlərinə məruz qaldığı məlum oldu.
Müzakirələr zamanı o da məlum oldu ki, hər hansı bir şagirdə məktəbdə Elinaya edildiyi kimi psixoloji və fiziki qısnamaların bullinq davranışı olduğundan həmin məktəbin özünün və əhalinin böyük bir təbəqəsinin xəbəri yoxdur. Buna görə də bullinqin profilaktikası və bullinq baş verən zaman onunla necə mübarizə aparmağın əvvəlcədən hazırlanmış yolları da mövcud deyildir. Elinanın anasının dəfələrlə həmin məktəbə onun bu cür hallarla üzləşdiyini xəbər verdiyinə baxmayaraq məktəb rəhbərliyi heç bir addım atmamış və hətta onu müdafiə edən rəfiqəsini bullinq halı barədə xəbər verdiyinə görə qiymətləndirmək və bullinq haqqında öyrəndikdən sonra dərhal onun qarşısını almaq üçün tədbirlər görmək əvəzinə, Elinanı müdafiə etməyə davam edərsə özü də bu problemlərlə üzləşəcəyi ilə bağlı xəbərdar etmişlər. Bu kimi hallar Azərbaycanda təhsil sisteminin sosial haqların qorunmasını təmin edəcək ciddi dəyişikliklərə ehtiyacı olduğunu və bu dəyişiklikləri yubanmadan həyata keçirməyin vacibliyini bir daha göstərdi.

Dünya üzrə statistikaya nəzər salsaq 12-18 yaş arası uşaqlar arasında aparılmış sorğular nəticəsində onların 20%-nin bullinqlə üzləşdiyi məlum olmuşdur, 30% uşaq isə bu və digər formada bullinq törətdiyini etiraf etmişdir. Bullinqin baş verdiyi an 85% hallarda ətrafda olan digər uşaqlar da buna şahid olurlar. Bullinq təkcə məktəbdə şagirdlər arasında yaşanmır, eləcə də universitet tələbələri arasında, iş yerlərində də bullinq halları müşahidə oluna bilər. Məktəbdə baş verən bullinq Azərbaycanda da ən çox yayılmış aqressiv davranışlardan biri olsa da indiyə qədər Azərbaycanda bullinq mövzusu araşdırılmamış və məsələnin sosial, psixoloji və kliniki tərəfləri öyrənilməmişdir. Buna görə də bullinqin xarakteri və profilaktikası ilə bağlı yazıdakı fikirləri daha çox ABŞ, Böyük Britaniya və digər Avropa ölkələri üzrə tədqiqat aparmış araşdırmaçıların tədqiqatlarından sitat gətirməklə əsaslandıracağam. Düşünürəm ki, bu ölkələrdəki məktəblərdə yaşanan bullinqin başvermə səbəbləri və təbiəti ilə Azərbaycan məktəblərində baş verən bullinq halları arasında tamamilə eynilik olmasa da oxşarlıqlar çoxdur. Ona görə də yazıda istifadə etdiyim ədəbiyyatlar üzrə olan trendlər Azərbaycanda baş verən bullinq hallarının səbəb və nəticələri haqqında ümumi mənzərəni izah etməyə kömək edəcək.

Şair, publisist, sosioloq Əhməd Qəşəmoğlu: "Hadisənin səbəbi odur ki, təhsil sistemi, təhsillə bağlı olan ictimaiyyət hələ yaxşı əhəmiyyət verə bilmir ki, təcrübəli sosioloqun sözü nə deməkdir. 5-6 ildir sürətli şəkildə təbliğ edib, bu barədə danışıram ki, məktəblərimizdə sosial iş xidməti yaradılmalıdır. Orta, ali məktəblərdə sosial iş xidməti yaradılmalıdır. Bizim təhsil sistemində eşidiblər ki, xarici ölkələrdə sosial işçilər hazırlayırlar. Bunlar da moda xatirinə xeyli universitetlərdə, kolleclərdə sosial işçi ixtisası açıblar. Sənəd üzrə bizdə xeyli sosial işçi hazırlanır. Amma formal olaraq hazırlanır. Sosial işçilər ilk növbədə hazırlanmalıdır, başqa müəssisələrlə yanaşı təhsil müəssisələri üçün hazırlanmalıdır. İndi əvvəlki zaman deyil. Tək bir məktəb direktorunun nəzarəti ilə hər şey yüksək səviyyədə olsun. Cəmiyyət getdikcə mürəkkəbləşir. Mürəkkəbləşən cəmiyyətdə gedən proseslər də məktəbə axır. İndi məktəb direktoru, sinif rəhbəri 30-40-50 il bundan əvvəlki kimi təhsil qüvvəsinə malik deyil. Məktəblərdə psixoloq ştatı var. Bunların çoxu formal xarakter daşıyır. Buna isə çox sadə baxılır. Təcili şəkildə təhsil sistemində sosial iş xidmətləri yaranmalıdır. Onun üçün də, oraya hər kəsi işə götürmək olmaz. Bu aydan başlayaraq həmin Pedaqoji Universitetdə, onun kolleclərində sosial işçiləri xüsusi olaraq hazırlamaq lazımdır. O zaman hər bir məktəbdə iki, üç sosial işçi olsa, psixoloq yerlərini ləğv edib bura keçirmək olar. Onda onlar məktəbdə gedən proseslərə nəzarət edəcəklər. Lazım gələndə tövsiyə etdikləri metodlardan istifadə ediləcək. Eyni zamanda, mərkəzləşmiş sosial iş xidməti də ola bilər. Məktəblərdəki sosial işçilər çətinlik çəkəndə mərkəzləşmiş sosial iş xidmətindən də məsləhət ala bilərlər. Bunun başqa çıxış yolu yoxdur".

Təhsil eksperti, STM əməkdaşı Elmin Nuri: "Yeni tədris ilinin başlanmasından bir ay keçməsinə baxmayaraq qısa müddətdə xeyli sayda ciddi davranış pozuntuları, məktəbdaxili bullinq hadisələrinin şahidi olduq. Bunların hər biri dərəcə, miqyasından asılı olmayaraq arzuolunmaz hallardır. İstər paytaxt məktəblərində, istər region məktəblərində bir ay içində bir neçə dəfə bıçaqlanma hadisəsi, bir neçə dəfə döyülmə hadisəsi, bir neçə dəfə bullinq və ciddi davranış pozuntusu hadisəsinin şahidi olduq. Tədris ili yeni start götürəndə bununla bağlı bir təhlil yazmış, həyəcan siqnalını səsləndirmişdik. Orada da, indi də bildirmək istəyirəm ki, bu istiqamətdə kifayət qədər sərt tədbirlər keçmək lazımdır. Ötən il bu hadisələri yalnız Elm və Təhsil Nazirliyinin ictimai şurasının müdaxiləsi nəticəsində qismən də olsa, gündəmdə qalır. Müsbət istiqamətdə həlli proqnozlaşdırılırdı. Amma Günel Səfərovanın bullinq hadisəsi baş verən yerə getməsi ilə iş bitmir. Əsaslı, ciddi bir qərar qəbul etmək və sistematik addımlar atmaq lazımdır. Çox gözləmək lazım deyil, çünki çox gözləmişik. Artıq şagird davranış pozuntuları, məktəbdaxili bullinq, məktəbdaxili digər neqativ hallarla yanaşı bizim mövqeyimiz həddindən artıq rəsmi qaydada sərt olmalıdır. Elm və Təhsil Nazirliyi bununla bağlı təcili təxirəsalınmaz addımlar atmalıdır. Az qala iki ilə yaxındır ki, şagird davranış qaydaları ilə bağlı məsələ vahid mərkəzləşdirilmiş şəkildə öz həllini tapmır. Bilirsiniz ki, iki il bundan əvvəl ictimaiyyətin müzakirəsinə çıxarıldı, bəzi detalları birmənalı qarşılanmasa da, çox məsələlərdə davranışın nizamlanmasına səbəb olan maddələr var idi. O yalnız bəzi məktəblərdə pilot olaraq həyata keçirilən layihə şəklində qaldı. Bu gün ölkənin az qala bütün məktəblərində bu davranış qaydalarının tətbiqinə ciddi ehtiyac var. Çünki bu gün bizim əksər məktəblərimizdə mütləq davranış cəhətdən çox ciddi pozuntulara səbəb olan, çətin tərbiyə olunan uşaqlar qrupu var. Bir çox hadisələrin də başında onlar durur. Belə uşaqlar adətən kriminal dünyaya maraqları ilə, etik çərçivəyə sığmayan hərəkətləri ilə, erkən yetkinlik dövrünün lazımsız liderliyə çevrilən hərəkətləri ilə özlərini diktə etməyə çalışırlar. Məktəb psixoloqlarımız da bir çox məktəblərdə öz işinin öhdəsindən obyektiv və subyektiv səbəblərdən gələ bilmirlər. Bu məsələlərdə mən onları günahlandırmıram. İndi dediyim ondan ibarətdir ki, gəlin ləngimədən şagird davranış qaydalarını hər bir bəndi ilə, ən ağır cəza mexanizmləri ilə tətbiqinə çalışaq. Onsuz da, o maddələr təhsil biliciləri, pedaqoqlar, psixoloqların, sosioloqların müəyyən komissiya tərəfindən yaradılıb. Mən şəxsən buradakı cəza mexanizmlərini deyil, ağır cəza mexanizmlərinə tamamilə razıyam. Ağır cəza mexanizmlərinə dördüncü və beşinci cəza aid edilib. Orada ciddi şəkildə xəsər yetirmə, sağlamlığa ziyan verəcək fiziki zor tətbiq edilməsi, bir çox ciddi bağışlanılmaz davranış xətaları uşağın məktəbdən çıxarılması, müəyyən mənada məsuliyyətə cəlb olunması ilə nəticələnə bilər. Biz bunu etməliyik. Bu gün bizim məktəblərdə təlim-tərbiyə işində də vəziyyət o qədər ürəkaçan deyil. Reallığın üzünə bir az dik baxmalıyıq. Real mənzərəni çılpaqlığı ilə görüb qərar verib və onun həlli istiqamətində çalışmalıyıq".

Psixoloq Fidan Nizamova: "Bu cür hadisələr müxtəlif səbəblərdən baş verir. Uşaqlar arasında aqressiya səbəbi də ola bilər. Evdə, yaxud məktəbdə sinif yoldaşından toplanmış aqressiyanın da nəticəsi ola bilər. Hansı ki, zamanında araşdırılmayıb. Onlar toplanıb bu şəkildə büruzə verir. Yaxud da, indi gənclər arasında, xüsusilə də, məktəblilər arasında kriminal aləmə maraq var. Oradan da yaranan addımlar olur. Sanki özlərini daha böyük, daha önəmli, daha hörmətli hiss etmək üçün uşaqlar özləri üçün uydurma bir kriminal həyatda görməyə başlayırlar. Bu da, təbii ki, ailə ilə bağlıdır. Bu cür ailələrdə oğlan uşaqlarının ataları anaları ilə az ünsiyyətdə olur. Evdə uşaqları çox da mənimsəmirlər. Onlar düşünür ki, bu cür kriminal aləmdə hörmətli şəxs kimi olarlarsa, özlərini daha önəmli hiss edəcəklər.
Burada digər faktlar da var. Bəzi gənclər, ümumiyyətlə, bu hadisənin, bu prosesin ciddiliyinin fərqinə varmırlar. Kinoda, hər hansı serialda bu cür şeylər görürlər, yaxud da, söhbətlərdə olurlar. Düşünürlər ki, hansısa problemi bu şəkildə həll etmək olar. Ona görə də istənilən halda hər şeyi oraya gətiririk ki, uşaqlar məlumatsızdır, maariflənmirlər, ailələri, məktəb tərəfindən maariflənmirlər. Həm də dəstək yoxdur. İstənilən gəncin, uşağın problemi ailəsindən, məktəbindən başlayır. Maariflənmə işləri aparılmalıdır. Uşaqların yaşayış tərzləri ilə maraqlanan olmalıdır. Nəticədə düşünürəm ki, istənilən uşağın məsləhət almağa, paylaşmağa ünvanı olanda bu cür hadisələrin sayı azalar".
Bullinqin baş verməsində hər zaman iki tərəf iştirak edir – bullinqi törədən və bullinqə məruz qalan. Lakin çox vaxt bullinqin baş verməsində üçüncü bir tərəfin də istər-istəməz iştirakı baş verir ki, buna da “şahid” və ya “kənarda duran” deyilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB