Avqustun 15-dən etibarən edilən dəyişikliklər əhalinin yüksəksürətli internetə olan tələbatında artım tendensiyasını nəzərə alaraq, göstərilən xidmətin keyfiyyətinin yüksəldilməsi və dayanıqlı infrastrukturun təmin edilməsi məqsədilə həyata keçirilib.
Şirkət GPON (Gigabit Passive Optical Network – Gigabit tutumlu Passiv Optik Şəbəkə) tarifləri üzrə təqdim olunan sürətləri 2.5 dəfə (40 Mbit/s internet sürətini 100 Mbit/s-yə, 60 Mbit/s internet sürətini 150 Mbit/s-yə və 100 Mbit/s sürətini isə 250 Mbit/s-yə qədər) artırıb.
Yeni sürət tariflərində abunəçilər üçün minimal sürət 100 Mbit/s-dən başlayıb və hər Mbit/s üçün ödəniş məbləği 0.45 AZN-dən 0.25 AZN-ə endirilib.
Belə ki, abunəçilərə 100 Mbit/s internet üçün 25 AZN, 150 Mbit/s internet üçün 30 AZN, 250 Mbit/s internet üçün 36 AZN qiymət təklif edilib.
Qeyd edilən qiymət dəyişiklikləri “Aztelekom” MMC-nin təqdim etdiyi xüsusi güzəşt tariflərini, o cümlədən şəhid ailələri və müharibə əlilləri üçün güzəştli “Təşəkkür” tarif paketlərini əhatə etmir.
Bəs 25 manatlıq internet provayderində internetin sürəti vətəndaşları qane edirmi? SİA mövzu ilə bağlı şəhər sakinlərinin fikirlərini öyrənib.
Şəhər sakini Nüsrət Süleymanov: "İnternetin qiyməti qalxandan sonra onun sürətində dəyişiklik hiss etməmişəm. Elə həmin sürətdir. Fərqi yoxdur. Əvvəl 18 manat ödəyirdim, indi isə 25 manat ödəyirəm. İnternetdən çox istifadə edirik. Filmləri, xəbərləri izləyirik. Sosial şəbəkələrdən istifadə edirik. Faydası çoxdur mənə görə".
Şəhər sakini Nigar Kərimova: "Mənim fikrimcə, internetin sürəti yaxşılaşıb. Əvvəl görüntülü danışanda tez-tez donurdu. İndi isə yaxşıdır. Əvvəl 25 manat ödəyirdik, indi isə 29 manat ödəyirik. İnternetsiz həyatı təsəvvür edə bilmirəm. Əvvəl internet olmayıb, amma dövrlər arasında da fərq çoxdur deyə, indi mümkün deyil. Əvvəl uşaqlar oyuncaqla oynayardı, indi körpə uşaqlar telefonla oynayırlar".
Şəhər sakini Amid Qasımov: "Qiymətlər artandan sonra internetin qiymətində qismən də olsa, dəyişiklik var. Hal-hazırda 27 manat ödəyirəm. Ondan əvvəl 18 manat ödəyirdim. Müasir dövrdür, dünyanı internetsiz təsəvvür edə bilmirəm".
Şəhər sakini Ələmdar Seyidzadə: "İnternetin sürətində dəyişiklik hiss edirəm. Şəkillər olsun, videolar olsun sürətli açılır. Əvvəl 18 manat idi, indi 25 manat olub, amma dəyişiklik də var. Pisi odur ki, qiymət qalxdı. Bütün işimiz internetlədir. Onsuz heç bir işimiz getmir. Hər işimi yüngülləşdirir. Pulum belə M10-da olur. Üstümdə pulqabı daşımıram".
Şəhər sakini Adil Rzayev: "İnternetin sürətində heç bir fərq hiss etmirəm. İndi 25 manat ödəyirəm, amma dəyişiklik yoxdur. İnternetlə daha çox sosial şəbəkələrdən istifadə edirəm. Bir çox işimi asanlaşdırır".
Şəhər sakini Aygün Aydınlı: "İnternetin sürəti qalxıb, amma qiyməti də çox qalxıb. 15 manat ödəyirdim, indi isə 27 manat ödəyirəm. Mən həkiməm, işlərimiz, sənədlər, hamısı internetlə həll olunur. Lazım olanda da istirahət üçün televizora qoşub kinoya baxıram".
Bütün xəbərlər Facebook səhifəmizdə