Proqram həftədə 1 gün, çərşənbə günü, saat 12.00-da SƏS TV-də yayımlanacaq
SƏS MEDİA QRUP-un nəzdində fəaliyyət göstərən SƏS TV bu həftədən etibarən yeni proqram yayımlayacaq. Aparıcılar əməkdar jurnalist Mətanət Məmmədova və jurnalist Lalə Mehralının təqdim edəcəyi “SOS” adlı yeni tele-layihə sosial-ictimai xarakterli olacaq. Layihənin yaradıcıları da aparıcılardır.
Əməkdar jurnalist Mətanət Məmmədova SİA-ya açıqlamasında bildirib ki, proqram millli dəyərlərə xidmət edəcək: “İllərdir Avropaya açdığımız qapıdan içəriyə daxil olanlar mentalitetimizə, milli-mənəvi və ailə dəyərlərimizə elə zərbə vurub ki, cəmiyyətimizdə artıq çoxsaylı problemlər yaranıb. Bu problemləri həll edib özümüzə qayıda da bilərik, biganə yanaşıb sabah baş verənlərin bugünkündən daha dəhşətli olacağını seyr də edə bilırik. Odur ki, "SOS"la hər kəsi təcili özümüzə qayıtmağa çağırırıq. Cəmiyyətdə baş verən bütün ictimai-sosial problemlərin müzakirəsi aparılacaq, həlli yolları göstəriləcək bu veriliş dünənimizin yaşadılması, müasirliyin özünəməxsus dəyərlərimiz fonunda inkişafı məqsədinə xidmət edəcək.”
Proqramın həmmüəllifi Lalə Mehralının sözlərinə görə kimliyindən və efirdə olub-olmamasından asılı olmayaraq hər kəs öz cəbhəsində mübarizə aparmalıdır: “Elə bir dövrdür ki, yad mədəniyyətlər yerli mədəniyyətimizi, milli kimliyimizi udmağa çalışır. Biz hər ikimiz illərdir qəzetdə, saytlarda milli-mənəvi doğruları müdafiə etmişik, sosial-ictimai məsələrdən yazmışıq. Təəssüf ki, qəzet oxuyanların sayı günü-gündən azalır, biz jurnalistlər də səsimizi daha geniş auditoriyaya çatdıra bilmək üçün fərqli üsullar yoxlamalı oluruq. Hər ikimiz “SƏS” qəzetinin yazarıyıq, bu layihənin üzərində uzun müddətdir işləyirik. Necə bir proqram etmək istədiyimizi baş redaktorumuz Bəhruz Quliyevə də danışdıq, bizi dəstəklədi, efir üçün şərait yaratdı və beləcə proqram bu həftə efir üzü görəcək. İstəyimiz cəmiyyət üçün faydalı iş görməkdir”.
Layihənin müəllifləri bildirdilər ki, proqramın adını məxsusi olaraq “SOS” seçiblər: “Bizi, eləcə də cəmiyyəti narahat edən çox məsələ var ki, haqqında “SOS” demədən danışmaq olmur. Çox həll olunası problem var, çox narahatlıq yaradan məsələ var ki, onların hamısı haqqında efirdən “SOS” deyəcəyik. Bizi izləyənlər də öz narahatlıqlarını bizimlə bölüşə, hansı məsələ haqqında istəsələr canlı efirimizə qoşulub “SOS” deyə biləcəklər”.
Qeyd edək ki, proqram həftədə 1 gün, çərşənbə günü, saat 12.00-da SƏS TV-də yayımlanacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə