BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycana həvalə edilməsi çox böyük uğurdur.
SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, bunu UNESCO-nun mənzil-qərargahında Azərbaycanın “Mədəniyyətə əsaslanan iqlim fəaliyyəti” (C4C) adlı təşəbbüsünə həsr olunmuş konfransda iştirak edən beynəlxalq ekspert Martin Nyumən müsahibəsində deyib.
“COP29-un Azərbaycanda keçirilməsi böyük uğurdur. Bu gün Azərbaycanın “Mədəniyyətə əsaslanan iqlim fəaliyyəti” təşəbbüsü ilə bağlı UNESCO-nun mənzil-qərargahında toplaşmışıq. Həmin təşəbbüs əsasında mədəniyyətin gücünü bu istiqamətdə necə səfərbər edə biləcəyimizlə bağlı fikirlərimizi bölüşəcəyik. Mədəniyyət bizə dəyərli olanları və necə hərəkət etməyimizin vacibliyini göstərir. Artıq bilirik ki, dünyamızı qoruya bilmək üçün insanların davranışı dəyişməlidir”, - deyə beynəlxalq ekspert qeyd edib.
Azərbaycanın C4C təşəbbüsünün böyük əhəmiyyət daşıdığını deyən Martin Nyumən bu təşəbbüsün COP29-un mirasına çevrilməsinə, eləcə də bütün dünyada iqlim dəyişikliyi ilə mübarizədə müsbət qüvvə kimi mədəniyyətin rolu haqqında qlobal məlumatlılığın artırılmasına mühüm töhfə ola biləcəyini diqqətə çatdırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə