Beynəlxalq konfransın iştirakçıları Şuşa şəhəri ilə tanış olublar

“İtkin düşmüş şəxslər probleminin həlli: ailələrin həqiqəti bilmək hüququnun dəstəklənməsi” mövzusundakı beynəlxalq konfransın iştirakçıları Azərbaycanın tarixi və mədəniyyətinin simvolu olan Şuşa şəhərinə səfər ediblər.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri olan xarici ölkələrin sabiq hökumət başçıları, Azərbaycanda akkreditasiya olunmuş diplomatik korpus nümayəndələri və hərbi attaşelər, Beynəlxalq Qızıl Xaç Komitəsinin rəhbər şəxsləri, Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi və əməkdaşları, həmçinin itkin düşmüş şəxslər üzrə beynəlxalq təsisatların nümayəndələri və ekspertləri, xarici ölkələrin müvafiq sahədə fəaliyyət göstərən qurumlarının rəhbərləri və əməkdaşları Şuşa şəhərinin mərkəzi meydanı, Xurşidbanu Natəvanın evi və Xan qızı bulağı olan ərazi, qala divarları ilə tanış olublar.

Qonaqlara Şuşa şəhərinin tarixi, işğal dövründəki vəziyyəti, şəhərdə Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın nəzarəti ilə aparılan quruculuq işləri, tarixi abidələrin bərpası və nəzərdə tutulan planlar barədə məlumat verilib. Bildirilib ki, 30 ilə yaxın işğal dövründə Şuşa şəhərindəki tarixi binalar, məscidlər, abidələr erməni vandalizminə məruz qalıb. Şuşa işğaldan azad edildikdən sonra burada genişmiqyaslı bərpa-quruculuq işlərinə start verilib. İnfrastrukturun qurulması ilə yanaşı, Şuşada şəhərin əsl tarixi simasının, tarix və mədəniyyət abidələrinin bərpasına başlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə