Qafqaz Müsəlmanları İdarəsinin sədri Astanaya səfər edəcək

Oktyabrın 3-də Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə Türk Dövlətləri Təşkilatı (TDT) Müsəlman Dini İdarə rəhbərləri Şurasının Astanada keçirilən görüşlərində iştirak etmək üçün Qazaxıstana səfər edəcək. QMİ-nin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, şeyxülislam A.Paşazadə səfər çərçivəsində, həmçinin “Xoca Əhməd Yəsəvi irsi və təsəvvüf elmi” mövzusunda konfransda və “Türk dünyası, Fətva metodologiyası və xüsusiyyətləri” adlı dəyirmi masada iştirak edəcək.

Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyevin də iştirak edəcəyi görüşdə “İslam cəmiyyətin ənənələrini dəstəkləyir” adlı sənədin qəbul olunması nəzərdə tutulur.

Qeyd edək ki, tədbir çərçivəsində həm Qazaxıstan Respublikası Parlament Senatının sədri Maulen Aşimbayevin Türk Dövlətləri Təşkilatı Müsəlman Dini İdarə rəhbərləri Şurası üzvləri ilə görüşü, həm də TDT Müsəlman dini liderlərinin Qazaxıstan rəsmiləri və digər ikitərəfli görüşləri planlaşdırılır.

Xatırladaq ki, Türk Dövlətləri Təşkilatı Müsəlman Dini İdarə rəhbərləri Şurasının İstanbulda əsasının qoyulmasının ardınca Şuşa şəhərində Əsasnaməsi imzalanıb və Birgə Bəyanatı qəbul edilib. Astana görüşündə isə bu sənədlərdən irəli gələn vəzifələrin həyata keçirilməsi yönündə əməli işlər müzakirə olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə