"Boşanan insanların çoxu bu addımı atdığına peşmandır" - PSİXOLOQ İZAH ETDİ

"Bəzən həyat bizi getdiyimiz yoldan döndərib basqa istiqamətə yönləndirir". Bu sözləri SİA-ya açıqlamasında uşaq, yeniyetmə və yetkin psixoloqu Nigar Ağabağırova deyib.

O bildirib ki, bu vəziyyət çox zaman bizim üçün də gözlənilməz olur: "Uzun müddət bir-birlərinə hər mənada əmək sərf etmiş insanlar ilk özləri bu yaş dönəmini çətin keçirir, daha sonra bu vəziyyətdən ciddi şəkildə təsirlənən övladlar sinir sistəmlərinin tipindən asılı olaraq sarsıntı keçirirlər. Sinir sistemi həssas uşaqlar daha dərin sarsıntı keçirir ki, bu hətta depressiyaya qədər gedib çıxır. Ümumiyyətlə, boşanma prosesini valideynlər qısa cümlələrlə övladlarına izah etməlidirlər. Boşanma səbəbi nə olursa-olsun, övladlarının yanında olduqlarını, onu yenə də eyni dərəcədə sevəcəklərini bildirməlidirlər.

Bəzi boşanmış ailələrin uşaqları boşanmaya səbəb özlərini bilir. Bu günahkarlıq hissi onların dərs fəaliyyətinə, eləcə də gündəlik həyat fəaliyyətlərinə diqqətlərini verə bilməmələrinə səbəb olur. Eyni zamanda bəzi uşaqlar valideyn seçimi yaşına gəldikdə təhdid altında qalaraq hansı valideyninin yanında yaşayacağını bildirir. Ögey ana, eləcə də ögey ata ailədəki uşaqların zədələnmiş psixologiyasını düşünərək addımlar atmalıdırlar. Problemlərə səbəb nə olursa, şiddət yolverilməzdir və nəticəsi arzu olunan deyil. Şiddət varsa, demək, o ailədə düşünməyə, problem həll etməyə zaman ayrılmır, daha asan üsul şiddət seçilir.

Buradan boşanma ərəfəsində olan valideynlərə səslənib demək istəyirəm ki, bu qərarı verməmişdən öncə əmin olun. Çünki işlədiyim ailələrdən əldə etdiyim məlumatlara, təcrübələrimə əsasən deyim ki, boşanan insanların çoxu bu addımı atdığına peşmandır. Dildə söyləməsələr belə, bu qərarlarının əziyyətini çəkirlər. Çünki bu qərarı çox hirsliykən, yaxşı düşünə bilmədikləri an veriblər".

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə