"Bir nəfərin üstünə günahı atıb canımızı qurtara bilmərik" - ŞƏRH EDİLDİ

"Narkotik təkcə bizdə yox, bütün dünyada sürətli şəkildə yayılıb və yayılmağa doğru da gedir". Bu sözləri SİA-ya açıqlamasında Gənclərin Anti-Narkomaniya ictimai birliyinin sədri Büllur Məmmədova deyib.

O bildirib ki, bizdə də bu öz büruzəsini göstərir: "Əfsuslar olsun ki, son zamanlar bizdə yeniyetmə uşaqlar, gənclər buna daha çox qurşanıb. Biz bir nəfərin üstünə günahı atıb canımızı qurtara bilmərik. Həm cəmiyyətimizin, həm valideynlərimizin, həm məktəbin, həm də təhsil ocağının günahı var. Paralel olaraq hamısı bərabər mübarizə aparmalıdır. Valideynlər "müasir ailəyik" modelinin altında uşaqlara düzgün tərbiyə vermirlər, düzgün yönləndirmirlər. "Ata-anayam, övlad dünyaya gətirdim, vəzifə borcum bitdi" deyilən anlayış yoxdur. "Valideyinəm, yedizdirirəm, geyimini alıram, mənim valideynlik borcum bitdi" deməklə iş bitmir. Uşağın tərbiyəsi ilə məşğul olmalısan, uşağın daimi dostu olmalısan, onu mənfisi, müsbəti ilə qəbullanmaq lazımdır. Biz narkotikə qurşanan gənclərdən imtina edib onların üstündən xətt çəkib məsələni həll edə bilmərik. Ailələr ilə birlikdə paralel işləyib müalicə olunmalıdır, təzədən cəmiyyətə inteqrasiya etməlidir. Burada təkcə cəmiyyətin, təhsilin, kiminsə üstünə günah atmaq düzgün deyil. Həm də təhsil ocaqlarımızda davamlı olaraq maarifləndirmə getməlidir, müəllimlərimiz bu sahədə maariflənməlidir ki, özləri də maarifləndirə bilsinlər. Eyni zamanda məktəb psixoloqları şagirdlərlə işləməlidir. Məktəb psixoloqunun işi mütləq şagirdlə təmasda olmaq, onlarla işləməkdir. Son zamanlar məktəb psixoloqlarında da böyük boşluqların şahidi oluruq. Məktəb psixoloqlarının yaxşı işləməməsinin səbəblərindən biri də, bəlkə, budur".

"Təkcə günahkar deyib yaxamızı çəkməklə alınmaz. Hamımızın günahı var. Cəmiyyət olaraq bilirik ki, bu hadisə baş verir. Biganə yanaşıb qapını örtüb, evimizə girməməliyik. Cəmiyyət olaraq mübarizə aparmalıyıq. İnanıram ki, birlikdə mübarizə aparsaq, birlikdə həll etməyə çalışsaq, mütləq qalib gələcəyik. Bunun bariz nümunəsidir ki, cənab Ali Baş Komandanın rəhbərliyi altında 44 günlük Vətən müharibəsində birləşdik və bir yumruq kimi torpaqlarımızı işğaldan azad etdik. Mən inanıram ki, narkotiklə də mübarizədə cəmiyyət olaraq hamımız bir olacağıq. Birlik şəklində bununla mübarizə aparacağıq. Tək hansısa qurumun mübarizəsi ilə, tək hansısa qeyri-hökumət təşkilatının, təlimçilərin, ekspertlərin mübarizəsi ilə nəticə əldə etmək çox çətindir. Çünki hamımız birlikdə mübarizə aparmalıyıq. Əgər birlikdə olarıqsa, yaxın zamanda qalib gələ bilərik. İstərdim ki, narkotiksiz gələcəyimiz olsun, narkotiksiz cəmiyyət olsun. Bizim mübarizəmiz də bu istiqamətdədir. Qeyri-hökumət təşkilatının rəhbəri olaraq, Gənclərin Anti-Narkomaniya ictimai birliyinin rəhbəri olaraq təşkilatımızın mücadiləsi ondan ibarətdir ki, narkotiksiz gələcəyə qovuşaq. Davamlı olaraq təlimlər keçiririk, davamlı maarifləndirici görüşlər keçiririk. Demək olar ki, davamlı tədbirlər silsilə şəklində davam edir. Bunlar cəmiyyətimiz, gəncliyimiz, gələcəyimiz üçündür. İstəyirik ki, gələcəyimiz sağlam olsun. Buna qarşı da mübarizəmizi aparırıq" - deyə o, əlavə edib.

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə