"Etibarnaməni sənə etibar edən şəxs sabah ölsə,..." - HÜQUQŞÜNAS İZAH ETDİ
"Torpaq alqı-satqısı ilə bağlı proseslər yalnız natorial qaydada aparılmalıdır". Bu sözləri SİA-ya açıqlamasında hüquqşünas Səbuhi Axundov deyib.
O bildirib ki, yəni daşınmaz əmlakla bağlı alqı-satqı olunursa, ona yalnız notarius qaydasında baxılmalıdır: "Dəyərinə uyğun olaraq da köçürülmə yolu ilə notarius hesabına məbləğ bankın hesabına oturur. Ondan sonra notarius hesabından çıxarılır. Notarius əməliyyatı aparırsa, təlimatına uyğun olaraq torpağın yüklülüyünə baxıb nəzərə alacaq. Eyni zamanda torpağı alqı-satqı edən şəxsin subyektiv hüququnun olub-olmadığını yoxlayacaq, yəni torpağı satmağa səlahiyyəti var, ya yox.
Torpaqla bağlı konkret olaraq mötəbər alqı-satqı üsulu yoxdur. Əgər bazarda torpaq alqı-satqısı edib uduzanları nəzərdə tutursunuzsa, xüsusi qeyd edim ki, onlar sənədsiz torpaq alqı-satqısı ilə məşğuldur. İlkin alqı-satqı tam alqı-satqı sayılmır. Ona görə də bələdiyyə sənədi ilə alqı-satqı edənlər təhlükəlidir. Yalnız notarial qaydada və tam olmaq şərtilə, alqı-satqının baş tutması ilə alan şəxsin adına çıxarışın alınması şərtilə, notariusda hesaba pul otuzdurub pul çıxarmaq şərtilə olmalıdır. O zaman hər hansı problem ola bilməz".
Onun sözlərinə görə, problem yalnız sənədsiz və yaxud da, ilkin alqı-satqıda olur: "Bəzən vətəndaş gəlir, görürsən ki, torpaq alıb, ev tikib, amma əlində bircə etibarnamə var. Etibarnaməni sənə etibar edən şəxs sabah ölsə, etibarnamə ləğv olunur. Yaxud da, onun hər hansı bir başqa üçüncü şəxslər qarşısında öhdəliyi yarandısa, həmin əmlak hərraca çıxarılıb satıla bilir. Etibarnamə hüquqların tam olaraq sənə keçməsi demək deyil. Sadəcə onun adından müəyyən hüquqların həyata keçirilməsi səlahiyyətlərini verən sənəddir. Bu, alqı-satqı deyil".
Bütün xəbərlər Facebook səhifəmizdə