Vətəndaşlarımız COP29 haqqında nə düşünürlər? - SORĞU

Azərbaycan 2024-cü ilin noyabr ayında COP29 konfransına ev sahibliyi edəcək. BMT-nin İqlim Dəyişiklikləri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) 29-cu Konfransı 11-22 noyabr tarixlərində Bakı şəhərində baş tutacaq. Bu qərar Dubayda keçirilən COP28 konfransında elan edildi və Azərbaycan bu tədbirə ev sahibliyi etməklə qlobal iqlim dəyişikliyi mübarizəsində öz rolunu gücləndirməyi hədəfləyir. Azərbaycanın tədbirə ev sahibliyi etməsi, ölkənin ekoloji problemlərlə mübarizədə qlobal səylərə verdiyi töhfəni artırmaq və regional lider kimi mövqeyini gücləndirmək məqsədi daşıyır. COP29 konfransı, həmçinin, Azərbaycanın beynəlxalq arenada mövqeyini gücləndirəcək və iqlim dəyişikliyi ilə bağlı qlobal müzakirələrdə ölkənin rolunu artıracaqdır.

Bəs vətəndaşlarımız COP29 haqqında nə qədər məlumata sahibdirlər və bu önəmli tədbir haqqında nə düşünürlər? SİA şəhər sakinləri arasında bu suallara cavab almaq üçün sorğu keçirib.

Şəhər sakini Gülşən Qurbanzadə: "Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbəsiyəm. İlk növbədə onu demək istəyirəm ki, ölkəmizdə bir çox önəmli tədbirlər keçirilib. Bunlardan biri də noyabr ayında keçiriləcək COP layihəsidir. Düşünürəm ki, bu tədbirin strateji baxımdan ölkəmiz üçün çox müsbət təsiri olacaq. İnanıram ki, ölkəmiz bu tədbiri layiqincə yerinə yetirməyi bacaracaq. Bundan əlavə COP-un təlimlərində də iştirak edirəm. İnşallah ki, bundan sonrakı tədbirlərdə də iştirak edəcəyəm. Müsbət yanaşıram, ölkəmizin noyabr ayında bu qədər qonağı qəbul etməsi çox önəmli hadisədir. İnanıram ki, hər şey düzgün, qaydası ilə həyata keçiriləcək".

Şəhər sakini İlham Mehrablı: "Azərbaycanda beynəlxalq tədbirlərin, Formula 1, COP29-un keçirilməsi büdcəyə fayda verir. Həm də turistlərin ölkəmizi tanımasına da kömək edir. Turizmə, xarici valyutanın ölkəmizə daxil olmasında çox əhəmiyyətlidir. Elə fikirləşirəm ki, ölkəmiz neftin qramına kimi dəyərləndirir. Yavaş-yavaş da hər şey düzələcək. Vəziyyətimiz də yaxşı olacaq. COP29 tədbiri ilə ekologiyaya xeyir olacaqsa, bunu müsbət qiymətləndirirəm".

Şəhər sakini Xavər Cəfərzadə: "COP29 çox əhəmiyyətli tədbir, layihədir. Çünki şəhərimizə çoxlu insan gələcək. Hətta Formula 1-dən də böyükdür. Ümumiyyətlə, Azərbaycana çox böyük şöhrət gətirəcək, ölkəmizi dünyaya tanıdacaq. Turizm üçün də faydalıdır. Gələn insanlar ölkəmizi gəzəcəklər. 80-100 min turist gəlməsi gözlənilir. İnsanlara məsləhət görərdim ki, yerə zibil atmasınlar, suyu, işığı israf etməsinlər. Ekologiyaya bununla kifayət qədər fayda vermiş olarlar".

Şəhər sakini Vüsalə Məmmədli: "Məncə, COP29 tədbiri başqa ölkələr tərəfindən tanınmağımız üçün çox faydalıdır. Çünki 200-ə yaxın fərqli ölkədən nümayəndə gələcək. Əlbəttə, gəldikləri yerlə də maraqlanacaqlar. Düşünürəm ki, bu baxımdan Azərbaycanın tanınmasına töhfə vermiş olacaq. Amma şəhər sakini olaraq yolların bağlanması, yol şəraiti bir az mənfi cəhətdir. Əgər yolların şəraiti yaxşı olsa, hər kəsə xoş olar. Formula1-də, Avroviziyada ölkəmizi tanımayan nə qədər insan bu tədbirlə bizi tanıdı. Belə tədbirlərin keçirilməsi ona görə də yaxşıdır. Əgər tanınacaqsa, bu müddəti dözə bilərik. Yaxşı tədbirlərdir. Şəxsən bu tədbirlərdə qarşılıq olmadan belə, könüllü iştirak edə bilərəm. Mənə maraqlıdır".

Şəhər sakini Əzizə Yolçuyeva: "Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbəsiyəm. Məncə, COP29 tədbiri dünyaya açılmaq üçün gözəl fürsətdir. Ekoloji olaraq da çox müsbət tədbirdir. Turizm üçün də fayda verəcək, bununla çoxlu yollar açılacaq. Nəticədə Azərbaycan daha da tanınacaq. Bundan sonra da Azərbaycana gəlmək istəyəcəklər. İndiyə qədər hansısa beynəlxalq tədbirdə iştirak etməsəm də, ən sevdiyim beynəlxalq tədbir Avroviziya olub. Məncə, Azərbaycan COP29-a hələlik tam hazır deyil. Hazırlıq işləri davam edir. Ölkəmizin bu tədbirin öhdəsindən layiqincə gələcəyinə çox inanıram".

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə