Qurum olaraq həmin şəxsləri zərərsizləşdirməyə nail olduq - AYDINLIQ GƏTİRİLDİ

“Ölkədə çörəyin keyfiyyəti ildən-ilə yaxınlaşır, çörək barədə heç bir şikayət yoxdur. Xüsusilə də sosial çörəklərə böyük tələbat var. Bu bazarın ən liberal hissəsidir və kim istəsə çox rahatlıqla bu bizneslə məşğul ola bilər”. Bu sözləri SİA-ya açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib.

O bildirib ki, əhali çörəyə çox meylli olduğu üçün sözügedən biznes Azərbaycanda sürətlə inkişaf edir: “Hazırda 20-dən çox çörək biznesi ilə məşğul olanlar var. Sosial çörəklərin qiymətinin sabit qalması üçün dövlət müəyyən iş aparır.

Təəssüflə qeyd edirəm ki, kəndli öz əkdiyi taxıldan özünə çörək hazırlaya bilmir. Çünki yerli taxıldan hazırlanan unun yapışqanlıq dərəcəsi azdır. Buna görə də unun əksər hissəsi xarici ölkələrdən alınır, yerli dəyirmanlardan götürülür. Çörəyin keyfiyyəti barədə isə mənfi fikir yoxdur. Düzdür, bəzi istehlakçılar, alıcılar və ya bazarda rəqabət içərisində olan müxtəlif qurumlar çörək biznesinə böhtan atmaq üçün bəzi işlər görürlər. Məsələn, bir neçə il öncə bir qrup istehlakçı iynə və sapdan istifadə edərək çörəyin içərisindən tük keçirir və böhtan atırdılar. Azad İstehlakçılar Birliyi olaraq həmin şəxsləri zərərsizləşdirməyə nail olduq. İstehlakçıları bu cür pis əməllərdən uzaq durmağa dəvət edirik”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə