Layiqli Əmək üzrə növbəti Ölkə Proqramının layihəsi hazırlanır - FOTOLAR

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Beynəlxalq Əmək Təşkilatının (BƏT) Layiqli Əməyə Texniki Dəstək Qrupunun və Şərqi Avropa və Mərkəzi Asiya ölkələri üzrə ofisinin direktoru Mixail Puşkinlə görüş olub. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən məlumata görə, nazir müavini Anar Kərimov ölkəmizdə əmək, məşğulluq və sosial müdafiə sahəsində aparılan islahatlarda BƏT-lə əməkdaşlığın xüsusi önəm daşıdığını diqqətə çatdırıb.

Ötən dövrdə Azərbaycanın BƏT-in 60-dək Konvensiyasına qoşulduğu, BƏT-lə birgə Layiqli Əmək üzrə iki Ölkə Proqramının uğurla icra edildiyi, növbəti Layiqli Əmək üzrə Ölkə Proqramı layihəsinin hazırlandığı qeyd edilib.

Görüşdə ölkəmizin bu ilin noyabr ayında ev sahibliyi edəcəyi Azərbaycanın BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində BƏT-lə birgə keçiriləcək tədbirlər barədə müzakirə aparılıb.

M.Puşkin Azərbaycanın BƏT-lə fəal əməkdaşlığından məmnunluq ifadə edib. O, ölkəmizdə aparılan sosial islahatların, həmçinin əmək qanunvericiliyinin təkmilləşdirilməsi istiqamətində atılan addımların, əmək və məşğulluq sahəsində innovativ həllərin geniş tətbiqinə nail olunmasının BƏT tərəfindən rəğbətlə qarşılandığını bildirib.

Ölkəmizdə əməkhaqqı sisteminin təkmilləşdirilməsi, həyata keçirilən birgə layihələr və BƏT-lə əməkdaşlığın genişləndirilməsi istiqamətlərinə dair fikir mübadiləsi aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə