Şərur rayonunda şəhidin doğum günü qeyd olunub

Şərur şəhər Mədəniyyət Sarayında ötən il antiterror əməliyyatı zamanı şəhidlik zirvəsinə ucalan Elçin İbrahimlinin 27-ci doğum günü ilə bağlı tədbir və onun xatirəsinə həsr olunmuş "Vətən sənə oğul dedi" kitabının təqdimatı keçirilib.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, əvvəlcə Dövlət Himni səsləndirilib, Ulu Öndərin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Antiterror əməliyyatından bəhs edən videoçarx nümayiş etdirilib.

Tədbirdə Şərur Rayon İcra Hakimiyyəti başçısının müavini Səfər Hüseynov bildirib ki, Vətən müharibəsi və antiterror əməliyyatı Azərbaycan tarixinin şanlı səhifələrindən biridir. Şəhidlərimiz torpaqlarımızı canı bahasına azad edərək Azərbaycan Respublikasının ərazi bütövlüyünü, suverenliyini təmin etdi.

Naxçıvan Əlahiddə Ümumqoşun Ordunun nümayəndəsi, polkovnik Şəhadət İbrahimov qeyd edib ki, şəhidlər təkcə öz anasının yox, bütün Azərbaycanın balasıdır. Azərbaycan zabiti, əsgəri Ali Baş Komandanın rəhbərliyi ilə döyüşə atılıb 30 illik həsrətə son qoydu, qanayan yaranı sağaltdı.

Tədbirdə "Naxçıvan Şəhid Ailələri" İctimai Birliyinin sədri Mais Gülməmmədov, "Şərur Şəhid Ailələri" İctimai Birliyinin sədri Rəhim Mədətov, "Naxçıvan Qaziləri" İctimai Birliyinin sədr müavini Əli Əlisoy, şəhid İbrahim Vəlizadənin anası Xurşud Vəliyeva igid Vətən oğullarının qəhrəmanlığından bəhs edib, şəhid Elçin İbrahimlinin ailəsinə səbir diləyiblər.

AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktor müavini, dosent Elxan Yurdoğlu bildirib ki, Azərbaycan xalqı tarixboyu qəhrəman oğulları ilə fəxr edib. İgid oğullar Vətən savaşında və sonrakı hərbi əməliyyatlarda öz əcdadlarının yolunu davam etdiriblər. Onların hər biri bu xalqın qəhrəmanıdır. Onlar haqqında yazılan hər bir kitab qəhrəmanlıq dastanının boyudur. Bu baxımdan "Şərq qapısı" qəzetinin əməkdaşı Ramiyə Əkbərovanın şəhid Elçin İbrahimli haqqında yazdığı "Vətən sənə oğul dedi" kitabını da bir qəhrəmanın həyat dastanı hesab etmək olar. Kitabda şəhidin doğmalarının igid Vətən oğlu haqqında xatirələri və fotoları yer alıb. Onun qəhrəmanlığından danışılıb.

Tədbir bədii hissə ilə davam edib. Məktəblilər, Heydər Əliyev adına Hərbi Liseyin kursantları şeirlər səsləndirib, vətənpərvərlik ruhunda mahnılar ifa ediblər.

Sonda şəhidin məzarı ziyarət olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə